media-photo_5397687810266958745_w

İranda 9 gündür davam edən etiraz aksiyalarında ölənlərin sayı artmaqda davam edərkən, nümayişçilərə dəstək verən ABŞ prezidenti Donald Trampın verdiyi mesajlar diqqət çəkir.

ERAmedia xəbər verir ki, Trampın respublikaçı senator Lindsi Qrem ilə birlikdə çəkdirdiyi fotoda əlində tutduğu “İranı yenidən möhtəşəm et” (MIGA) yazılı şapka gündəmə bomba kimi düşüb. Sözügedən görüntü Vaşinqtonda xarici siyasət ətrafında gedən müzakirələri yenidən alovlandırıb. Demokrat Partiya qanadı şapkadakı mesajı son dərəcə təhlükəli bir təxribat kimi qiymətləndirib.

ABŞ mərkəzli HRANA saytında yayımlanan hesabatda İranda 9 gündür davam edən etirazlarla bağlı məlumat verilib. Məlumata görə, bu müddət ərzində ölkənin 31 vilayətindən 27-də baş verən aksiyalarda 27 etirazçı və təhlükəsizlik qüvvələrinə mənsub 2 nəfər həlak olub.

İranı bürüyən etirazlar fonunda nümayişçilərə dəstək açıqlamaları verən və “Silahlarımız hazırdır” ifadələrini işlədən ABŞ prezidenti Donald Trampın son mesajı böyük rezonans doğurub.

Donald Trampın Lindsi Qrem ilə birlikdə verdiyi pozda əlində tutduğu “İranı yenidən möhtəşəm et” yazılı şapka qısa zamanda gündəmin əsas mövzularından birinə çevrilib. Bu görüntü Vaşinqtonda xarici siyasət debatlarını yenidən gündəmə gətirib.

Trampın əlindəki şapka və Qremin ona verdiyi dəstək müxalif düşərgədə sərt reaksiyalarla qarşılanıb. ABŞ-li sosial media fenomeni və siyasi şərhçi Ed Krassenştayn Trampın diqqətinin Amerikadan başqa ölkələrə yönəldiyini iddia edib.

Sosial media hesabında Tramp tərəfdarlarını tənqid edən Krassenştayn belə yazıb:

“‘Amerikanı Yenidən Möhtəşəm Et” deyildiyi günləri xatırlayırsınızmı? Trampın əlində tutduğu şapkaya baxın. Görünür, Tramp artıq Amerikadan çox İrana, Venesuelaya, Kubaya və Kolumbiyaya fokuslanıb”.

Krassenştayn tənqidlərini daha da irəli apararaq, mövcud vəziyyətin MAGA hərəkatının ilkin vədləri ilə ziddiyyət təşkil etdiyini bildirib. O, məsələnin artıq rejim dəyişikliyi, millət quruculuğu, müharibələr və neft talanı müstəvisinə keçdiyini qeyd edərək, MAGA seçicisinin əslində bunlara qarşı səs verdiyini xatırladıb. Krassenştayn sözlərini belə tamamlayıb: “Buna baxmayaraq, sanki bir təriqətin müridləri kimi onu alqışlamağa davam edirlər”.

Bəzi respublikaçılar Trampın “öncə Amerika” siyasətinin artıq “Amerika dəyərlərini dünyaya ixrac etmək” mərhələsinə keçdiyini iddia ediblər. Onların fikrincə, bu, demokratiya aparmaq deyil, daha çox nüfuz və hakimiyyət qurmaq cəhdidir.

Lindsi Qrem kimi düşünən respublikaçı senatorlar isə Trampın bu addımını Ronald Reyqanın Sovet İttifaqına qarşı sərt mövqeyi ilə müqayisə edərək, bunu “şərə qarşı qətiyyətli duruş” kimi qiymətləndiriblər. Demokrat Partiya qanadı isə həm sosial mediada, həm də televiziya efirlərində MIGA şapkasını son dərəcə təhlükəli bir təxribat adlandırıb.

Demokratlara görə, MIGA şüarı müttəfiqlərlə məsləhətləşmədən atılmış tələsik addımdır və nüvə müharibəsinin fitilini yandıra biləcək bir “müharibə elanıdır”. Sosial şəbəkələrdə bəzi müxaliflər isə şüarın müəllifi olan Trampı sərt tənqid ediblər.

Qeyd edək ki, 28 dekabr 2025-ci ildə İranın milli valyutasının xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən Tehran Qapalı bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb. “Fars” xəbər agentliyi aksiyalar zamanı 250 polis və 45 “Bəsic” milisinin yaralandığını açıqlayıb.

ABŞ prezidenti Donald Tramp İrandakı etirazlarla bağlı 2 yanvar tarixində sosial media hesabında paylaşım edərək, “Əgər İran hər zaman etdiyi kimi dinc etirazçıları vurub öldürərsə, ABŞ onların köməyinə gələcək” deyib. Tramp 4 yanvarda verdiyi oxşar açıqlamada isə, “Əgər etirazçıları öldürsələr, İran ABŞ tərəfindən çox sərt zərbə alacaq. Biz İrandakı prosesləri izləyir və yaxından nəzarətdə saxlayırıq” ifadələrini işlədib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər