Uyğur türkləri addım-addım yox edilir - HESABAT
Komunist Çin hakimiyyətinin illərdir Doğu Türkistanda həyata keçirdiyi sistemli repressiya siyasətləri dünyanın laqeydliyi fonunda dərinləşməkdə davam edir. Çin tərəfi “radikalizmə qarşı mübarizə” və “terrorla savaş” adı altında həyata keçirdiyi tədbirlər vasitəsilə milyonlarla müsəlman Uygur türklərinin kimliyini, dini və mədəniyyətini hədəf alan assimilyasiya və soyqırımı siyasətini davam etdirir.
Bölgədə qurulan və “peşə təhsili mərkəzləri” adı altında fəaliyyət göstərən toplama düşərgələrində yüz minlərlə insan azadlıqlarından məhrum edilir, zorla işlədilir və ağır işgəncələrə, psixoloji təzyiqlərə məruz qalır.
ERAmedia xəbər verir ki, bu kontekstdə Doğu Türkistan İnsan Haqları Müşahidə Dərnəyi tərəfindən hazırlanmış əhatəli bir hesabat yayımlanıb.
Hesabatda Çin tərəfindən Doğu Türkistanda həyata keçirilən tədbirlərə dair çarpıcı iddialar gündəmə gətirilir. “Doğu Türkistan İnsan Haqları Pozuntuları İndeksi 2025” adlı hesabat bölgədə yaşayan Uygur türkü müsəlmanlara qarşı sistemli insan haqları pozuntularını çoxşaxəli şəkildə araşdırıb. Hesabatda din azadlığı, zorla əmək, rəqəmsal nəzarət, söz azadlığı, ixtiyari həbs, uşaqların hüquqları daxil olmaqla ümumilikdə 14 mövzu üzrə tapıntılara yer verilib. Araşdırmada pozuntuların təsadüfi deyil, davamlı və institusional xarakter daşıdığı vurğulanıb.
İndeksin yalnız bir mənbəyə əsaslanmadığı xüsusilə qeyd olunur. Hesabat ərəb, çin, ingilis, uygur və türk dillərində açıq mənbə xəbərlərinin toplanması ilə hazırlanıb. Fərqli axtarış sistemləri vasitəsilə aparılan aylıq yoxlamalar nəticəsində hər ayın hadisələri ayrıca hesabatlaşdırılıb. Bu, insan haqları pozuntularının zaman içindəki gedişatını və intensivliyini sistemli şəkildə izləməyə imkan verir.
Doğu Türkistan İnsan Haqları Müşahidə Dərnəyi sədri Abdurəşid Eminhaci bildirib ki, hazırlanmış indeks beynəlxalq təşkilatlar, akademik dairələr və qeyri-hökumət təşkilatları üçün əsas istinad mənbəyi olmalıdır.
Eminhaci hesabatdakı məlumatların yalnız xəbər toplaması kimi deyil, hüquqi dəlil kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb və insan ləyaqətinin qorunması üçün qlobal səviyyədə ortaq şüurun inkişaf etdirilməsinə çağırıb. Çin rəsmi nəşrləri və beynəlxalq media qurumları tərəfindən təsdiqlənmiş hadisələrin 14 əsas kateqoriyaya bölündüyünü qeyd edən Eminhaci hər bir hadisənin yalnız statistik məlumat deyil, Doğu Türkistan xalqının üzləşdiyi mövcud təhlükənin konkret göstəricisi olduğunu bildirib.
İndeksin hər bölməsində akademik perspektivlə hazırlanan analizlərə yer verildiyini bildirən Eminhaci deyib ki, bu indeksin hər bölməsi təqdim olunan hadisələrin sadəcə xəbər olmadığını vurğulayan və dərin təhlil imkanı təqdim edən akademik perspektiv ehtiva edir.
Bu analizlər oxucuya pozuntuların tarixi və hüquqi kontekstini anlamağa kömək edəcək strateji bir bələdçi funksiyası daşıyır.
Əlihüseyn Salam










