XVI əsrin diplomatik dili: Şah I Təhmasibin Osmanlı sarayına müraciəti - FOTO
Səfəvi hökmdarı Şah I Təhmasibin Osmanlı sultanı III Muradın taxta çıxması münasibətilə göndərdiyi təbrik məktubu XVI əsr türk-islam diplomatik yazışmalarının ən parlaq nümunələrindən biridir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya bildirib ki, məktub yalnız hökmdarın cülusunu təbrik etmək məqsədi daşımır, eyni zamanda iki dövlət arasında mövcud siyasi münasibətlərin, qarşılıqlı ehtiramın və dostluq mesajlarının ifadəsidir.
Alimin sözlərinə görə, məktubun əvvəlində III Murad çoxsaylı titul və epitetlərlə təriflənir, onun hakimiyyətinin ədalət, səxavət, şücaət, mərhəmət və dövlətçilik prinsipləri üzərində qurulacağına inam ifadə olunur. Mətn Qurani-Kərim ayələri, dualar və klassik Şərq poeziyasına məxsus ifadələrlə zəngindir ki, bu da dövrün diplomatik üslubunun əsas xüsusiyyətlərindən hesab olunur.
Zaur Əliyev qeyd edib ki, məktubda III Muradın taxta çıxmasının Səfəvi sarayında böyük sevinc və məmnunluqla qarşılandığı xüsusi vurğulanır. Bildirilir ki, bu xəbər ölkədə şadlıq doğurub, xalqın rifahı və bölgədə sabitliyin möhkəmlənəcəyi ilə bağlı ümidləri artırıb.
Tarixçinin sözlərinə görə, sənəddə Səfəvi və Osmanlı dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xüsusi önəm verilir. Məktubda iki dövlət arasında qurulmuş dostluq və səmimiyyət bağlarının daha da gücləndirilməsinin vacibliyi qeyd olunur, bu münasibətlərin qorunmasının hər iki tərəfin maraqlarına xidmət etdiyi vurğulanır.
Zaur Əliyev bildirib ki, Şah I Təhmasib bu münasibətlə Azərbaycan bəylərbəyi Məhəmmədi Sultan Əmir Divanı xüsusi elçi kimi Osmanlı sarayına göndərərək III Muradı rəsmi şəkildə təbrik edib. Bu addım Səfəvi diplomatiyasında rəsmi nümayəndələrin mühüm rol oynadığını göstərən əhəmiyyətli nümunələrdən biri hesab olunur.
Onun sözlərinə görə, məktubun diqqətçəkən hissələrindən biri III Muradın dini siyasətinin yüksək qiymətləndirilməsidir. Mətnə əsasən, sultanın şərab içilməsini qadağan etməsi, islami dəyərlərin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, “yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək” prinsipinə sadiqliyi xüsusi təriflənir. Müəllif bunu hökmdarın təqvasının və ədalətli idarəçiliyinin göstəricisi kimi təqdim edir.
Tarixçi vurğulayıb ki, məktubda III Muradın atası Sultan II Səlimlə mövcud olmuş dostluq münasibətlərinin yeni hökmdarla da davam etdirilməsi arzusu açıq şəkildə ifadə olunur. Şah I Təhmasib əvvəlki dövrdə qurulan qarşılıqlı etimadın daha da inkişaf etdirilməsini arzulayır və bunu gələcək münasibətlərin əsas dayağı kimi təqdim edir.
Zaur Əliyevin fikrincə, məktubun son hissəsi klassik Şərq diplomatik ənənəsinə uyğun olaraq dua və xeyir-dualarla tamamlanır. Burada III Muradın hakimiyyətinin uzunömürlü olması, dövlətinin qüdrətinin artması, zəfərlərinin davamlı olması və ölkəsinin daim firavanlıq içində idarə olunması arzu edilir.
Tarixçinin qənaətinə görə, bu məktub yalnız təbrik sənədi deyil, həm də XVI əsrdə Səfəvi və Osmanlı dövlətləri arasında siyasi münasibətləri, diplomatik etiketi, dini dünyagörüşünü və dövlətçilik ənənələrini əks etdirən mühüm tarixi mənbələrdən biridir.
Əli Fərhad










