Tehranın ideoloji siyasəti regionda gərginliyi dərinləşdirir
İran və Azərbaycan arasında münasibətlərdə növbəti dəfə informasiya müstəvisində gərginlik müşahidə olunur.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Aqşin Kərimovun sözlərinə görə, iki ölkənin münasibətləri uzun müddətdir gərginlik və əməkdaşlığın növbələşdiyi dəyişkən model üzrə inkişaf edir və hazırkı mərhələdə konstruktiv əməkdaşlığı yenidən gərginlik əvəz edir.
Onun fikrincə, bunun əsas səbəbi İranın ideoloji güc siyasətinin dövlət qərarlarına daha açıq şəkildə təsir göstərməsidir. Təhlilçi qeyd edib ki, İran Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media” siyahısına daxil etməsi də məhz bu ideoloji yanaşmanın növbəti təzahürüdür.
Aqşin Kərimov bildirib ki, Azərbaycanın buna cavabı da adekvat olub. Onun sözlərinə görə, Medianın İnkişafı Agentliyi İranın “Səhər” telekanalının və “Mehr” xəbər agentliyinin Azərbaycan ərazisində fəaliyyətini qanunsuz elan etməklə informasiya təhlükəsizliyi sahəsində prinsipial mövqe nümayiş etdirib.
Siyasi təhlilçi hesab edir ki, İran ABŞ və İsraillə qarşıdurma fonunda informasiya strategiyasını yenidən formalaşdırır və bu siyasətin mühüm istiqamətlərindən biri Cənubi Qafqazdır. O bildirib ki, Tehran siyasi, ideoloji və dini maraqlarını təmin etmək məqsədilə regionda kompleks informasiya siyasəti həyata keçirir. Kərimovun qənaətincə, Azərbaycanın son dövrdə həyata keçirdiyi effektiv əks-tədbirlər İranın bu istiqamətdəki planlarını çətinləşdirib.
Onun sözlərinə görə, İranın regional təsir alətlərindən biri IRIB-in “Səhər” Universal Şəbəkəsinin azərbaycandilli qolu olan “Səhər TV” telekanalıdır. Təhlilçi vurğulayıb ki, kanal Qafqaz auditoriyasına yönəlmiş informasiya platforması kimi fəaliyyət göstərir və İranın təsir strategiyasının mühüm elementlərindən sayılır.
Aqşin Kərimov qeyd edib ki, “Mehr”, “IRNA”, “Tasnim”, “Houzə” və Əhli-Beyt Xəbər Agentliyi (ABNA) kimi media qurumları da İranın ideoloji və siyasi mesajlarının yayılmasında mühüm rol oynayır. Onun fikrincə, bu media resursları müxtəlif auditoriyalar üçün informasiya mühiti formalaşdıraraq Tehranın regional kommunikasiya strategiyasını dəstəkləyir.
Təhlilçinin sözlərinə görə, bu şəbəkənin təşkilati quruluşunun zirvəsində Ali Liderin Ofisi dayanır. O bildirib ki, dini və siyasi mesajların xarici ölkələrdəki şiə icmalarına çatdırılması əsasən Əl-Mustafa Beynəlxalq Universiteti və Əhli-Beyt Dünya Assambleyası vasitəsilə həyata keçirilir. Kərimov qeyd edib ki, hər iki qurumun Gürcüstanda da fəaliyyət göstərdiyi bildirilir və onların SEPAH, eləcə də Qüds Qüvvələri ilə əlaqəli fəaliyyətlər üçün dəstək və ya vasitəçi rolunda çıxış etməsi ehtimal olunur.
Onun sözlərinə görə, bu strukturun aşağı pillələrində mədrəsələr, məscidlər, xeyriyyə təşkilatları, gənclər birlikləri və media qurumlarından ibarət geniş şəbəkə fəaliyyət göstərir. Təhlilçi hesab edir ki, həmin qurumlar ideoloji təsirin yayılması, sosial əlaqələrin formalaşdırılması və bəzi hallarda İranın regional maraqlarına xidmət edən fəaliyyətlərin dəstəklənməsi baxımından əhəmiyyət daşıyır.
Aqşin Kərimov bildirib ki, İranın regionda “müqavimət oxu”nu genişləndirmək istiqamətində həyata keçirdiyi informasiya siyasəti onun xarici siyasətinin ayrılmaz hissəsidir. O xatırladıb ki, bir müddət əvvəl Tehran Azərbaycanla sülh gündəliyini irəli aparmağa çalışan Ermənistanı da hədəfə almışdı. Təhlilçinin fikrincə, bu addım Azərbaycanın Cənubi Qafqazda artan geosiyasi təsirinə qarşı nümayiş etdirilən narahatlığın göstəricisi idi.
Siyasi təhlilçi bildirib ki, hazırda İranda xarici siyasətə təsir göstərməyə çalışan üç əsas siyasi qrup mövcuddur. Onun sözlərinə görə, birinci qrup Cənubi Qafqazda daha iddialı siyasət yürütməyi və ABŞ-la danışıqlarda sərt mövqe tutmağı müdafiə edir. Kərimov hesab edir ki, bu qanadın önündə SEPAH komandiri Əhməd Vahidi və ona yaxın qüvvələr dayanır.
O qeyd edib ki, ikinci qrupa Prezident Məsud Pezeşkian, xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Bağır Qalibaf daxildir. Təhlilçinin fikrincə, bu qrup hazırda ümumilikdə SEPAH-ın təzyiqi altında fəaliyyət göstərir.
Aqşin Kərimov əlavə edib ki, üçüncü qrup ABŞ-la danışıqlara qəti şəkildə qarşı çıxan ultra-mühafizəkar Paydari Cəbhəsidir. Onun sözlərinə görə, bu siyasi qüvvə sayca azlıq təşkil etsə də, Səid Cəlili kimi fiqurlar vasitəsilə qərarların qəbuluna təsir imkanlarını qoruyur.
Təhlilçi vurğulayıb ki, İranın xarici siyasətində fikir ayrılığı strateji məqsədlərdən daha çox taktiki vasitələr üzərində müşahidə olunur. Onun qənaətincə, AzTV ilə bağlı qərar ümumi dövlət strategiyasının tərkib hissəsi sayılsa da, Azərbaycanla münasibətlərin inkişafını dəstəkləyən bütün siyasi qüvvələrin mövqeyini əks etdirmir.
A.Kərimov xatırladıb ki, İran Kəşfiyyat Nazirliyi prezident institutuna tabedir və nazir prezident tərəfindən təyin olunsa da, namizəd Ali Rəhbərin razılığı ilə təsdiqlənir.
Onun sözlərinə görə, Müctəba Xameneinin mümkün varisliyi fonunda, eləcə də SEPAH-ın xarici siyasət və iqtisadi resurslar üzərində təsir imkanlarının artması bu qurumun ölkə daxilində dominant mövqeyini daha da gücləndirib. Təhlilçi bildirib ki, neft gəlirlərinin bir hissəsinə və Milli İnkişaf Fondunun vəsaitlərinə çıxış imkanları SEPAH-ın təsir imkanlarını genişləndirən əsas amillərdəndir.
Aqşin Kərimov hesab edir ki, hazırkı mərhələdə SEPAH-ın Kəşfiyyat Təşkilatı ilə Kəşfiyyat Nazirliyi arasında koordinasiya daha çox bu qurumun sistem daxilində artan nüfuzu hesabına təmin edilir.
Təhlilçi sonda bildirib ki, ABŞ-İsrail müttəfiqliyi ilə İran arasında baş verən proseslər İran siyasi elitasında ciddi transformasiya yaradıb. Onun fikrincə, bu dəyişikliklər ölkənin xarici siyasətində müəyyən paradiqma dəyişikliklərinə və elita daxilində yenidənqurmaya səbəb ola bilər.
Aqşin Kərimovun qənaətincə, İran ABŞ-la danışıqlarda daha sərt mövqe nümayiş etdirməyə çalışacaq və daxili siyasi vitrində SEPAH dominant rolunu qoruyacaq. Təhlilçi hesab edir ki, bu səbəbdən İranın xarici siyasəti, o cümlədən Azərbaycanla münasibətləri yaxın dövrdə də dalğalı xarakter daşıyacaq. Bununla yanaşı, o istisna etmir ki, Tehran Azərbaycanın Cənubi Qafqazda, xüsusilə Ermənistanda artan geosiyasi imkanlarına qarşı siyasətini daha da intensivləşdirəcək və TRIPP marşrutu prosesinə təsir göstərmək məqsədilə Ermənistana yönəlmiş informasiya kampaniyasını gücləndirəcək.









