media-db93a4e645_abs-iran-israil-herbi-mudaxile

ABŞ–İsrail–İran qarşıdurması artıq sırf regional münaqişə çərçivəsini aşaraq qlobal təhlükəsizlik sistemini sarsıdan yeni mərhələyə daxil olub. Müharibənin coğrafiyasının genişlənməsi, enerji marşrutlarının təhlükə altına düşməsi, beynəlxalq hüququn selektiv şəkildə tətbiqi və güc siyasətinin hüququ üstələməsi dünya dövlətlərini ciddi narahat edən əsas faktorlardır.

Son günlər baş verən diplomatik proseslər göstərir ki, Yaxın Şərqdə formalaşan yeni təhlükəsizlik boşluğu artıq region ölkələrini alternativ kollektiv müdafiə və koordinasiya mexanizmləri qurmağa vadar edir. Pakistanın təşəbbüsü ilə Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirlərinin İslamabadda bir araya gəlməsi məhz bu yeni geosiyasi reallığın məhsuludur.

Görüşün əsas məqsədi Körfəz böhranının daha geniş regional müharibəyə çevrilməsinin qarşısını almaq, Hörmüz boğazında təhlükəsizliyi təmin etmək və ABŞ–İran dialoqu üçün diplomatik platforma formalaşdırmaqdır.

Münaqişənin indiki mərhələsi göstərir ki, Yaxın Şərqdə hərbi eskalasiya artıq yalnız İran, İsrail və ABŞ arasında məhdudlaşmır. Körfəz ölkələrinin enerji infrastrukturu, beynəlxalq dəniz yolları və xüsusilə Hörmüz boğazı üzərindən həyata keçirilən qlobal neft və qaz daşımaları bu böhranın mərkəzinə çevrilib.

Bu isə Avropa, Çin, Hindistan və Avrasiya məkanında yerləşən ölkələrin iqtisadi təhlükəsizliyinə birbaşa təsir göstərir.

Beynəlxalq hüququn effektiv işləməməsi, BMT mexanizmlərinin təsirsiz qalması və böyük güclərin maraqlarının hüququn önünə keçməsi nəticəsində orta güclər və region dövlətləri öz təhlükəsizliklərini müstəqil formatlarda təmin etməyə çalışırlar.

Məhz buna görə Türkiyə–Pakistan–Misir–Səudiyyə Ərəbistanı xəttində yaranan koordinasiya təkcə diplomatik təşəbbüs deyil, həm də alternativ regional təhlükəsizlik arxitekturasının ilkin konturları kimi qiymətləndirilə bilər.

İslamabadda keçirilən son görüş təsdiqləyir ki, bu ölkələr artıq sadəcə siyasi bəyanatlarla kifayətlənməyərək koordinasiyalı fəaliyyət mexanizmi qurmağa çalışırlar.

Son həftələrdə əvvəlcə Ər-Riyadda, daha sonra isə İslamabadda baş tutan təmaslar göstərir ki, tərəflər Yaxın Şərqdə böhranın idarə olunması üçün ortaq siyasi xətt formalaşdırmağa çalışırlar.

Bu formatın güclü tərəfləri bunlardır: Türkiyənin NATO üzvü və regionda hərbi-siyasi çəkisi yüksək dövlət olması, Pakistanın nüvə gücü və diplomatik vasitəçi roluna malik aktor kimi çıxış etməsi, Misirin ərəb dünyasının əsas siyasi ağırlıq mərkəzlərindən biri olması, Səudiyyə Ərəbistanının isə enerji bazarında və İslam dünyasında mühüm maliyyə-siyasi gücə sahib olması.

Bu dörd dövlətin koordinasiyası Yaxın Şərqdə sabitlik üçün real çəkindirmə mexanizmi yarada bilər.

Mövcud reallıq göstərir ki, regionda müharibənin daha geniş coğrafiyaya yayılmasında maraqlı olan müxtəlif güc mərkəzləri mövcuddur. Burada söhbət təkcə ABŞ və İsraildən getmir.

Rusiya, Çin, Avropa İttifaqı və Hindistan kimi böyük güclər də bu prosesləri öz milli maraqları prizmasından izləyir. Heç bir böyük güc İslam ölkələrinin müstəqil təhlükəsizlik blokuna çevrilməsində tam maraqlı deyil.

Çünki belə bir format enerji marşrutlarına nəzarəti dəyişə, regional vasitəçilik mərkəzlərini gücləndirə, Qərb və Şərq güclərinin Yaxın Şərq üzərində təsir imkanlarını azalda və yeni siyasi-iqtisadi ittifaqın əsasını qoya bilər.

Bu səbəbdən belə əməkdaşlıq formatını zəiflətmək üçün daxili fikir ayrılıqlarından, məzhəb fərqlərindən və siyasi rəqabətdən istifadə olunması istisna deyil.

Bu təşəbbüsün qarşısındakı ən böyük maneə yalnız xarici faktorlar deyil, həm də daxili ixtilaflardır.

İslam ölkələri arasında uzun illərdir davam edən geosiyasi rəqabət, fərqli bloklaşmalar və qarşılıqlı etimadsızlıq vahid təhlükəsizlik modelinin formalaşmasını çətinləşdirir və bu prosesin sürətini azalda bilər.

Lakin təhlükənin miqyası artdıqca ortaq maraqların ziddiyyətləri üstələməsi ehtimalı da artır.

Əgər bu “4-lük” effektiv fəaliyyət göstərə bilsə, gələcəkdə onun daha geniş coğrafiyanı əhatə etməsi mümkündür.

Qətər, İordaniya, BƏƏ, İndoneziya, Malayziya və Mərkəzi Asiya ölkələrinin mərhələli şəkildə bu formata qoşulması yeni siyasi-iqtisadi təhlükəsizlik platformasının əsasını qoya bilər.

Bu model gələcəkdə ortaq enerji təhlükəsizliyi, vahid logistika dəhlizləri, müdafiə sənayesi əməkdaşlığı, dəniz təhlükəsizliyi, ortaq investisiya fondları, humanitar və ərzaq təhlükəsizliyi kimi sahələrdə daha dərin inteqrasiyaya çevrilə bilər.

Nəzəri baxımdan bu, İslam coğrafiyasında yeni siyasi-hərbi-iqtisadi güc mərkəzinin formalaşması üçün real zəmin yaradır. Lakin bunun praktik həyata keçirilməsi üçün ciddi siyasi iradə tələb olunur. Bu iradə olmadan ideyalar yalnız nəzəri səviyyədə qala bilər.

ABŞ–İsrail–İran qarşıdurmasının qlobal təhlükəsizlik böhranına çevrildiyi bir vaxtda Türkiyə, Pakistan, Misir və Səudiyyə Ərəbistanının yaratdığı yeni diplomatik koordinasiya formatı Yaxın Şərqdə sabitliyin qorunması üçün mühüm geosiyasi imkan yaradır.

Bu təşəbbüs yalnız mövcud böhranın idarə olunmasına deyil, həm də gələcək regional təhlükəsizlik arxitekturasının formalaşmasına təsir edə bilər.

Əsas məsələ siyasi iradənin, qarşılıqlı etimadın və ortaq strateji baxışın formalaşdırılmasıdır. Bu təmin olunarsa, İslam coğrafiyasının iqtisadi, insani və hərbi resursları yeni dünya düzənində vahid güc kimi çıxış edə bilər.

Mürtəza Bünyadlı


media-adspc

Bənzər xəbərlər