Yerinə yetirilməyən sözlər: PSİXOLOJİ ZƏRƏR VƏ ƏXLAQİ MƏSULİYYƏT

Rəsul Mirhəşimli
Söz vermək insan münasibətlərinin əsas sütunlarından biridir. Qarşılıqlı güvəni və nüfuzu möhkəmləndirir. Lakin bəzən insanlar yerinə yetirə bilməyəcəkləri sözlər verirlər. Bu hal qarşı tərəfdə məyusluq, güvənsizlik və psixoloji narahatlıq yaradır. Qurani-Kərim bu məsələyə xüsusi həssaslıqla yanaşır:
“Ey iman gətirənlər! Etməyəcəyiniz şeyləri niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi deməyiniz, Allah qatında böyük qəzəbə səbəb olar”.(Saff surəsi, ayə 2-3)
İslam düşüncəsində verilən sözə sadiq qalmaq əxlaqi bir məsuliyyət sayılır. “İsra” surəsində belə buyurulur:
“Verdiyiniz sözlərə əməl edin. Çünki verilən hər söz məsuliyyət yaradır”.
(İsra surəsi, ayə 34)
Tarix boyu dini və əxlaqi mənbələrdə sözündə durmaq yüksək fəzilət kimi qiymətləndirilib. Peyğəmbərimiz Həzrət Məhəmməd (s) buyurur:
“Münafiqin üç əlaməti vardır: Danışanda yalan danışar, söz verəndə əməl etməz, əmanətə xəyanət edər”.
Həzrət Əli (ə) isə belə deyir:
“Ən pis insan söz verib də sözündə durmayan şəxsdir”.
Bu baxış bucağı göstərir ki, söz yalnız hüquqi deyil, eyni zamanda vicdani və mənəvi bir öhdəlikdir.
Sözün yerinə yetirilməməsi, ilk növbədə qarşı tərəfdə etimadsızlıq yaradır. İnsanlar verilən sözlərlə ümidlənir, gözləyir, plan qururlar. Bu gözlənti boşa çıxarsa, münasibətlər zədələnir, emosional bağ qopur. Bu, təkcə ani bir duyğusal sarsıntı deyil, uzunmüddətli psixoloji təsir yaradan bir prosesdir. Aldadıldığını düşünən insan, sonrakı münasibətlərdə daha ehtiyatlı, məsafəli və soyuq davranmağa meylli olur.
Sözündə durmayan şəxs özü də daxili bir narahatlıq yaşayır. Psixologiyada bu hal insanın inandığı dəyərlərlə etdiyi davranışların ziddiyyət təşkil etməsi mənasında “Koqnitiv dissonans” (zehni ziddiyyət)adlanır. Bu ziddiyyət insanın daxilində narahatlıq yaradır və vicdan əzabına səbəb olur. Çox zaman insan özünü günahkar hiss edir, lakin bunu etiraf etmək istəmir. Nəticədə həm öz iç dünyasında, həm də ətrafı ilə münasibətlərində dərin yaralar əmələ gəlir.
Bəs insanlar niyə yerinə yetirə bilməyəcəkləri sözlər verirlər? Bunun bir neçə əsas səbəbi var. İlk olaraq, bu səbəblər sosial təzyiq və qəbul olunma ehtiyacından yaranır. Bəzən insanlar qarşısındakını incitməmək və ya yaxşı görünmək üçün gerçəkliyə uyğun olmayan sözlər verə bilirlər.
İkinci səbəb emosional qərarvermədir. Sevinç, kədər, həyəcan və ya təzyiq altında verilən sözlər çox zaman düşünülmədən deyilir.
Üçüncü səbəb isə özünü sübut etmə arzusudur. Bəzi insanlar ətrafında daha dəyərli görünmək üçün böyük vədlər verirlər; lakin imkanlarını düzgün qiymətləndirmədikləri üçün sözlərini yerinə yetirə bilmirlər.
Belə hallarda ən doğru davranış, söz verməzdən əvvəl düşünməkdir. İnsan öz imkanlarını və şəraitini aydın şəkildə qiymətləndirməlidir. Əgər bir sözün yerinə yetiriləcəyinə əmin deyilsə, bunu açıq şəkildə bildirmək və ya ümumiyyətlə söz verməmək daha doğrudur. Eyni zamanda, verilmiş bir söz yerinə yetirilə bilməyəcəksə, qarşı tərəfə vaxtında məlumat vermək və üzr istəmək münasibətin tamamilə pozulmasının qarşısını ala bilər.
Qurani-Kərimdə və hədislərdə bu məsələyə diqqətlə yanaşılması əlbəttə ki, təsadüfi deyil. Verilən sözə sadiqlik yalnız dini və əxlaqi bir dəyər deyil, cəmiyyətin sosial toxumasını qoruyan əsas prinsiplərdəndir. Hər kəsin sözünə sadiq qaldığı bir mühitdə qarşılıqlı güvən artır, insanlar özlərini daha dəyərli və rahat hiss edirlər. Psixoloji araşdırmalar da bu fikri təsdiqləyir: Dürüstlük və şəffaflıqla qurulan münasibətlər daha sağlam və uzunömürlü olur.
Söz bir güvəndir. O sözü yerinə yetirmək insanın həm özünə, həm qarşısındakına, həm də Allaha qarşı daşıdığı bir məsuliyyətin ifadəsidir. Bu məsuliyyətin şüurunda olmaq həm fərdi inkişaf, həm də ictimai münasibətlərin sağlamlığı baxımından son dərəcə önəmlidir. Unutmayaq: Söz bir cümlədir, lakin onun yaratdığı güvən bir ömür davam edə bilər.










