media-whatsapp-image-2026-08-24-at-09-46-33

Alimlər Hindistanda Yer kürəsində mikrob həyatına dair ən qədim sübutlardan birini ehtiva edə biləcək süxur aşkar ediblər.

ERAmedia xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub.

Söhbət təxminən 3,5 milyard il yaşı olan, karbonla zəngin laylı silisiumlu süxurdan — çertdən gedir. Tədqiqatçılar süxurda qədim mikrob icmalarının mövcudluğuna işarə edə biləcək əlamətlər müəyyən ediblər.

Yerin təxminən 4,5 milyard il yaşı var. Buna görə də alimlər uzun müddətdir planetimizdə həyatın nə vaxt və necə yarandığını müəyyənləşdirməyə çalışırlar. Lakin ən qədim həyat izlərini araşdırmaq çətindir. Milyardlarla il ərzində süxurlar yüksək temperaturun, deformasiyanın və kimyəvi dəyişikliklərin təsirinə məruz qalıb. Bu proseslər ilkin bioloji izləri məhv edə və ya dəyişdirə bilər.

Tədqiqatçılar Hindistanın şərqində yerləşən Sinqhbhum kratonunda çert təbəqəsini araşdırıblar. Süxurda silisium və karbonlu maddənin növbələşən nazik təbəqələri aşkarlanıb. Bu quruluş qədim mikroorqanizmlərin, əsasən bakteriya və arxeylərin çoxqatlı icmalarından ibarət mikrob örtüklərinin qalıqlarına bənzəyir.

Süxurun yaşı sirkonların uran-qurğuşun üsulu ilə datalanması nəticəsində təxminən 3,497 milyard il müəyyən edilib. Bundan əlavə, alimlər Raman spektroskopiyasından istifadə etməklə karbon izotoplarının nisbətini və karbonlu maddənin strukturunu araşdırıblar.

Karbon izotoplarının nisbəti bioloji proseslər üçün xarakterik olub. Təhlil zamanı həmçinin çökmə süxurlarda rast gəlinən bərk üzvi maddə — kerogenin mövcudluğu müəyyən edilib.

Tədqiqatın müəlliflərinin fikrincə, əldə olunan məlumatların məcmusu karbonun bioloji mənşəli olduğunu göstərir. Nəticələr təsdiqlənərsə, aşkar edilən süxur etibarlı bioloji izə malik, yaşı birbaşa müəyyən edilmiş ən qədim süxur ola bilər.

Bununla belə, alimlər nəticələrin müstəqil şəkildə yoxlanılmasına ehtiyac olduğunu vurğulayırlar. Digər tədqiqatçılar aşkar edilmiş sirkonların həqiqətən də süxurun formalaşma vaxtını müəyyən etməyə imkan verdiyini, həmçinin aşkarlanan kimyəvi xüsusiyyətlərin geoloji deyil, məhz bioloji mənşəli olduğunu təsdiqləməlidirlər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər