media-whatsapp-image-2026-09-08-at-13-40-48

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərləri başa çatıb.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında səfərlər zamanı Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli görüşün keçirilməsi imkanlarının müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Stiv Uitkoff Moskvada keçirilən danışıqlarda mühüm irəliləyiş əldə olunduğunu açıqlasa da, bu irəliləyişin nədən ibarət olduğu barədə detallı məlumat verməyib.

“Stiven Uitkoff Moskva və Kiyevin müharibəyə son qoymaları üçün güzəştə getmələrinin vacib olduğunu deyib. Yəqin ki, Vaşinqton hər iki tərəfin konkret güzəştlərini də müəyyənləşdirib. Kiyevin güzəşti atəşkəs və ərazi itkisi hesabına olsa belə, bir daha müharibənin başlamayacağına dair təminat almaqdan ibarət ola bilər. Moskvanın güzəşti isə bəlli deyil. Əksinə, Rusiya Prezidenti Kiyevdən Donbasın tamamını tələb edir. Kiyevin buna razılaşması mümkün deyil”, – deyə siyasi şərhçi vurğulayıb.

Elxan Şahinoğlu hesab edir ki, bu səbəbdən tərəflərin qarşılıqlı güzəştlər əsasında müharibəni dayandıracaqları ehtimalı yüksək deyil.

Siyasi şərhçinin fikrincə, Vladimir Putinin ABŞ nümayəndələrini yola saldıqdan dərhal sonra Şimali Koreyaya səfər etməsi də diqqətçəkən məqamdır.

“Bu, Rusiya Prezidentinin müharibəni dayandırmaq fikrində olmadığını göstərir. Çünki Vladimir Putinin Şimali Koreyaya səfəri yenidən bu ölkədən daha çox raket əldə etmək və koreyalıları cəbhə bölgəsinə göndərməklə bağlı ola bilər”, – deyə o bildirib.

Elxan Şahinoğlu Rusiyanın daxilində hərbi texnika istehsalının da genişləndirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, “The Telegraph” və “Politico” nəşrlərinin birgə araşdırması Çinin dövlət şirkətinin Rusiyaya yüzlərlə kamikaze dronunun istehsalı üçün materiallar göndərdiyini üzə çıxarıb.

“Bu hissələr Rusiyanın ən böyük enerji istehsalçısı ilə əlaqəli bir şirkətə göndərilib. Nəşrlərin əldə etdiyi sənədlərə görə, həmin şirkət Ukraynanın mərkəzindəki ticarət mərkəzinə hücumda istifadə edilən və ən azı 16 nəfərin ölümünə səbəb olan Geran dronlarını istehsal edir”, – deyə siyasi şərhçi qeyd edib.

Onun fikrincə, bu məlumatlar Pekinin Moskvanın hərbi imkanlarının artırılmasında roluna dair Qərbdə mövcud olan narahatlıqları daha da gücləndirə bilər.

“Vaşinqton dəfələrlə Pekini müdafiə sənayesində istifadə edilə bilən və birbaşa Rusiya ordusuna gedən ikili təyinatlı məhsullarla təmin etməkdə günahlandırıb. ABŞ Dövlət Departamentinin ötənilki bəyanatında da Rusiyanın müharibə səylərini dəstəkləyənlərə qarşı sanksiyalar tətbiq ediləcəyi bildirilmişdi”, – Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi hesab edir ki, “The Telegraph” və “Politico”nun yaydığı məlumatlar Çin lideri Si Cinpini də çətin vəziyyətə sala bilər. Onun sözlərinə görə, Si Cinpin bu ayın sonlarında ABŞ-a səfər edərək Donald Trampla müxtəlif məsələləri müzakirə edəcək.

“Tramp daha əvvəl Si Cinpindən Rusiya və İranı silahlandırmamağı xahiş etmişdi. Ancaq bu xahişin yerinə yetirildiyini söyləmək çətindir. Qərb ekspertləri hesab edirlər ki, Çinin texnoloji dəstəyi olmadan Rusiya Ukraynaya qarşı müharibəni davam etdirə bilməz”, – deyə o bildirib.

Elxan Şahinoğlu əlavə edib ki, Si Cinpin son görüşündə Vladimir Putinlə Rusiya və Çin arasında əlaqələrin daha da möhkəmləndiriləcəyini bəyan edib.

“Bayden administrasiyasında dövlət katibinin keçmiş müavini Kurt Kempbell bildirib ki, Çində Rusiyanın hərbi-sənaye kompleksinə ikili təyinatlı imkanlar təqdim edən şirkətlərin sayı hazırda onlarla ölçülür və bu əlaqələr dərindir. Onun sözlərinə görə, bunun müqabilində Moskva Pekinə axtardığı bəzi hərbi imkanları təkmilləşdirmək üçün texnologiya transferləri təmin edib”, – siyasi şərhçi vurğulayıb.

Onun qənaətincə, bütün bunlar göstərir ki, Ukrayna müharibəsinin diplomatik yolla dayandırılması istiqamətində müəyyən təmaslar olsa da, Moskvanın müharibəni davam etdirmək üçün hərbi və texnoloji imkanlarını qoruyub saxlamaq cəhdi danışıqlar prosesinin qarşısında ciddi maneə olaraq qalır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər