ABŞ-İran memorandumunda kritik DETAL
ABŞ və İran arasında imzalandığı bildirilən anlaşma memorandumunda ən çox müzakirə olunan məsələlərdən biri Hörmüz boğazının gələcək statusu ilə bağlı müddəalardır.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bununla bağlı açıqlamasında qeyd edib ki, memorandumda İranın 60 gün ərzində Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə hərəkət edən ticarət gəmilərinin təhlükəsiz və sərbəst keçidini təmin etməsi nəzərdə tutulur. Sənədə əsasən, Tehran gələcəkdə Hörmüz boğazında idarəetmə və dəniz xidmətləri məsələsini müəyyənləşdirmək üçün Oman və Fars körfəzinin digər sahil dövlətləri ilə məsləhətləşmələr aparmalıdır.
Təhlilçinin fikrincə, bu müddəa İranın müharibəni Hörmüz boğazına nəzarət imkanına çevirmək planları ilə üst-üstə düşür. O bildirib ki, beynəlxalq hüquqa görə təbii keçid sayılan boğazdan rüsum alınması mümkün olmasa da, Tehran 60 günlük müddətdən sonra belə bir mexanizmi tətbiq etməyə cəhd göstərə bilər.
Asif Nərimanlı vurğulayıb ki, ABŞ İranla atəşkəsə əsasən Hörmüz boğazında mümkün böhranın qlobal iqtisadiyyata təsirlərini nəzərə alaraq razılaşıb. Lakin onun qənaətincə, memorandumdakı müvafiq bənd ilk baxışda İrana güzəşt təsiri bağışlasa da, əslində Tehran üçün geosiyasi tələyə bənzəyir.
Ekspert hesab edir ki, ilk növbədə, məsələ yeni regional münaqişə ocağına çevrilə bilər. Onun sözlərinə görə, İranın Hörmüz üzərində daha geniş nəzarət imkanlarından imtina etməsi ehtimalı azdır. Lakin bunun həyata keçirilməsi üçün körfəz ölkələrinin razılığı tələb olunur və Omanla anlaşma əldə olunsa belə, digər ərəb dövlətlərinin buna qarşı çıxacağı gözlənilir. Bundan əlavə, boğazdan istifadə edən Avropa ölkələri də yeni idarəetmə modelinə müsbət yanaşmır.
Nərimanlı bildirib ki, belə vəziyyətdə Hörmüz məsələsi ABŞ-la İran arasında ikitərəfli problemdən çıxaraq regional qarşıdurma mövzusuna çevrilə bilər. Bu isə Vaşinqtonun müharibə dövründə formalaşdıra bilmədiyi anti-Tehran koalisiyasının yaranmasına şərait yarada bilər.
Siyasi təhlilçi ikinci mühüm məqam kimi Hörmüz boğazının problemli marşruta çevrilməsi riskini göstərib. O qeyd edib ki, müharibə boğazın təhlükəsizliyi ilə bağlı sualları artırıb və İranın nəzarət təşəbbüsləri bu narahatlıqları daha da gücləndirə bilər. Bu vəziyyət alternativ enerji və nəqliyyat marşrutlarının aktuallaşmasına səbəb olur.
Asif Nərimanlının sözlərinə görə, İsrailin daha əvvəl irəli sürdüyü və Fars körfəzinin enerji resurslarının Səudiyyə Ərəbistanı üzərindən boru kəmərləri ilə Qırmızı dəniz və Aralıq dənizi sahillərinə daşınmasını nəzərdə tutan layihə yenidən gündəmə gələ bilər. O bildirib ki, layihə daha bahalı olsa da, Hörmüzdə artan təhlükəsizlik riskləri körfəz ölkələri və Avropanın diqqətini bu istiqamətə yönəldə bilər.
Ekspert hesab edir ki, ABŞ, İsrail və bəzi ərəb ölkələri İranın Hörmüz boğazına nəzarət planlarını beynəlxalq və regional qarşıdurma predmetinə çevirməyə çalışacaq. Bu yanaşma eyni zamanda boğazdan geniş istifadə edən Çinin maraqlarına təsir göstərmək baxımından da Vaşinqton üçün əlverişli görünür.
Yekunda Asif Nərimanlı qeyd edib ki, Tehran ya Hörmüz boğazı ilə bağlı planlarından geri çəkilərək müharibədən əvvəlki status-kvonun bərpası ilə razılaşmalı, ya da ciddi siyasi və iqtisadi çətinliklər yarada biləcək nəzarət modelində israr etməlidir. Onun fikrincə, hər iki ssenaridə Hörmüz məsələsi İran üçün tələ xarakteri daşıyır.









