ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcəyini açıqladı
ABŞ maliyyə naziri Skott Bessent bildirib ki, Vaşinqton İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək.
ERAmedia xəbər verir ki, onun sözlərinə görə, bu addım gələcəkdə genişmiqyaslı yeni hərbi əməliyyatlara ehtiyacı azaltmağa imkan verə bilər.
Bessentin açıqlamaları ABŞ prezidenti Donald Trampın bir gün əvvəl verdiyi bəyanatdan sonra səslənib. Tramp “iqtisadi müharibə” ilə hədələyərək, İrana “sağ qalmasına imkan verəcək hər hansı dəstək” göstərən ölkələrin ciddi iqtisadi nəticələrlə üzləşəcəyini bildirib. Bessent yeni tədbirlərin təfərrüatlarını gələn həftə açıqlayacağını vəd edib.
Cümə axşamı ABŞ-ın müharibəyə son qoymaq məqsədilə maliyyə sanksiyaları tətbiq edə biləcəyi barədə təhdidlərindən sonra neftin qiyməti üç həftədən artıq müddətin ən yüksək səviyyəsinə qalxıb.
Bessent CNBC-yə müsahibəsində neft qiymətlərinin məhz bu səbəbdən niyə yüksəldiyini tam anlamadığını bildirib. “Əgər biz maksimum iqtisadi təzyiq tətbiq ediriksə, bu, yəqin ki, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamayacağı anlamına gəlir”, – deyə o qeyd edib.
Bessentin çıxışından əvvəl İran Xarici İşlər Nazirliyi ABŞ tərəfindən tətbiq edilən iqtisadi və ticarət sanksiyalarını pisləyib və onları “iqtisadi terrorizm” adlandırıb. İran XİN-in bildirdiyinə görə, bu tədbirlər iranlıların ölkənin müstəqilliyini, ləyaqətini və milli suverenliyini qorumaq əzminə “heç bir şəkildə təsir göstərməyəcək”.
Bessent CNBC-yə bildirib ki, bazar ertəsi keçiriləcək mətbuat konfransında yeni sanksiyalar paketinin əlavə təfərrüatlarını təqdim edəcək və “İrana qarşı konkret olaraq nə edəcəklərini” açıqlayacaq.
“Bu, iki mərhələli zərbədir. Bizim İranın blokadası var və tarixdəki ən sərt sanksiyalarımız olacaq”, – deyə Bessent bildirib. O əlavə edib ki, “bu, nəticə verəcək və biz bu rejimi çökdürəcəyik”. Bessent, həmçinin müttəfiqləri və dünyanın qalan ölkələrini “qərar verməyə” çağırıb.
ABŞ-ın İranla biznes əlaqələrinə görə Çinə qarşı tədbirlər görüb-görməyəcəyi ilə bağlı suala Bessent bu cür məsələlərin bir çoxunun qapalı şəkildə müzakirə edilməsinin daha məqsədəuyğun olduğunu bildirib.
“Unutmayın ki, Çin enerjisinin 50 faizini… Fars körfəzi ölkələrindən əldə edir. Buna görə də onların bu proqrama qoşulması özləri üçün çox faydalı olardı”, – deyə ABŞ maliyyə naziri bildirib.
Çinin Vaşinqtondakı səfirliyi isə “sanksiyalar və təzyiqin problemin həllinə kömək etmədiyini” açıqlayıb. Səfirliyin nümayəndəsi bildirib ki, Çin müvafiq tərəfləri məsuliyyətli davranmağa və məsələləri siyasi və diplomatik vasitələrlə həll etməyə çağırır.
Mələk Onur









