media-suni-intellekt-ne-vaxt-harada-ve-nece-faydalidir

ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpin arasında keçirilməsi gözlənilən görüş ətrafında müxtəlif geosiyasi gözləntilər formalaşıb.

ERAmedia-nın məlumatına görə, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Rusiyada bu görüşü “ikinci Yalta” kimi təqdim etmək cəhdləri olsa da, üç dövlət arasında mövcud ciddi fikir ayrılıqları dünyanın gələcəyi ilə bağlı ortaq oyun qaydalarının müəyyənləşdirilməsinə imkan vermir.

Onun sözlərinə görə, 1945-ci ildə keçirilən Yalta konfransında ABŞ, Böyük Britaniya və SSRİ liderlərinin razılığa gəlməsinin əsas səbəbi onların nasist Almaniyasına qarşı müttəfiq olmaları və müharibədən sonra Avropanın gələcəyini müəyyənləşdirmək zərurəti idi. Hazırda isə ABŞ, Rusiya və Çin arasında belə bir ittifaq mövcud deyil. Üstəlik, bu dövlətlər illərdir bir sıra fundamental məsələlərdə ortaq mövqe formalaşdıra bilmirlər. Buna görə də bir görüş nəticəsində yeni dünya düzəninin qaydalarının müəyyənləşdirilməsi real görünmür.

Elxan Şahinoğlu qeyd edir ki, üç ölkənin liderlərinin daxili siyasi problemləri də mümkün razılaşmaların qarşısında ciddi maneədir. ABŞ-da Konqresə keçirilən ara seçkilər Donald Trampın mövqelərini zəiflədib və onun xarici siyasətdə manevr imkanlarını məhdudlaşdırıb. Rusiyada isə Ukraynanın Krım körpüsünə endirdiyi zərbələr Vladimir Putinin nüfuzuna xələl gətirib. Kremlin uzun müddət toxunulmazlıq rəmzi kimi təqdim etdiyi körpünün zərər görməsi Moskvanın təhlükəsizlik və hərbi imkanları ilə bağlı suallar yaradıb.

Siyasi şərhçinin fikrincə, Çində də daxili siyasi vəziyyət birmənalı deyil. Si Cinpin korrupsiya ilə mübarizə çərçivəsində Kommunist Partiyasındakı rəqiblərinin bir hissəsini və yüksək rütbəli hərbçiləri siyasi proseslərdən kənarlaşdırıb. Onun növbəti qurultayda yenidən partiya rəhbəri seçilməsi gözlənilsə də, hakimiyyət müddətini uzatmaq cəhdləri partiya daxilində yeni rəqiblərin meydana çıxmasına şərait yarada bilər.

Elxan Şahinoğlu hesab edir ki, Tramp, Putin və Si Cinpin arasında Rusiya-Ukrayna müharibəsi və İran məsələləri üzrə ortaq razılaşma əldə olunması da çətin görünür. Moskva işğalçılıq siyasətindən geri çəkilmək niyyətində deyil, Pekin isə üçtərəfli görüşdə Rusiya-Ukrayna müharibəsinin müzakirəsində maraqlı deyil. İran məsələsində də Moskva və Pekinin mövqeləri Vaşinqtondan fərqlənir. Hər iki ölkə İran rejiminin mövcudluğunu qoruyub saxlamasını istəyir.

Şərhçi APEC sammiti çərçivəsində Donald Trampla Si Cinpin arasında keçiriləcək görüşdə süni intellekt sahəsindəki rəqabətin də əsas müzakirə mövzularından biri olacağını gözləyir. Onun fikrincə, Rusiya bu sahədə ABŞ və Çindən geri qaldığı üçün məsələyə ciddi təsir imkanlarına malik deyil. Əsas rəqabət Vaşinqtonla Pekin arasında gedir.

Elxan Şahinoğlu bildirir ki, ABŞ Çinin qabaqcıl texnologiyalara, xüsusilə müasir çiplərə çıxışını məhdudlaşdırmağa çalışır. ABŞ maliyyə naziri Skott Bessentin açıqlamaları da Vaşinqtonun Çinlə süni intellekt sahəsində dialoqu davam etdirmək niyyətində olduğunu, lakin mövcud fikir ayrılıqlarının aradan qalxacağına dair illüziyaların olmadığını göstərir.

“The New York Times” qəzetinin məlumatlarına istinad edən siyasi şərhçinin sözlərinə görə, Çin son illərdə müxtəlif yollarla milyardlarla dollar dəyərində müasir çiplər əldə edə bilib. Bu baxımdan, ABŞ-də ixraca nəzarətin daha da sərtləşdirilməsi və süni intellekt sahəsində texnoloji üstünlüyün qorunması istiqamətində yeni məhdudiyyətlərin tətbiqi mümkündür.

Elxan Şahinoğlu hesab edir ki, Çində keçiriləcək sammitin nəticəsindən asılı olmayaraq, Pekin ABŞ-nin texnoloji məhdudiyyətlərini aşmaq yollarını axtarmağa davam edəcək. Bu isə göstərir ki, üç böyük dövlətin liderlərinin görüşü qlobal problemlərin həllindən daha çox, mövcud rəqabət və ziddiyyətlərin müzakirə olunduğu diplomatik platforma kimi yadda qala bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər