media-channels4_profile

Hindistan kinosunun tanınmış simalarından olan aktrisa, model və rəqqasə Zinət Aman sabah 75 yaşını tamamlayır.

ERAmedia xəbər verir ki, müsəlman əsilli sənətçinin həyatı uğurlarla yanaşı, ağır itkilər, ailə dramları və unudulmaz sınaqlarla da yadda qalıb.

Zinət Aman müsəlman ata və hindu ananın ailəsində dünyaya gəlib. Atası Amanulla Xan onun cəmi 13 yaşı olarkən vəfat edib. Bu itki gələcək aktrisanın həyatında dərin iz buraxıb. Anasının sonradan alman əsilli şəxslə ailə qurması isə Zinətin həyatında yeni mərhələnin başlanğıcı olub.

Ögey atasının dünyagörüşlü, savadlı və intellektual insan olması Zinətin təhsilinə və gələcək karyerasına müsbət təsir göstərib. O, universitetdə uğurla təhsil aldıqdan sonra ABŞ-a göndərilib. Burada həm təhsilini davam etdirib, həm də fotomodel kimi fəaliyyət göstərməyə başlayıb.

Zinət Aman 1970-ci ildə “Miss Hindistan” gözəllik müsabiqəsində üçüncü yeri tutub. Bu nəticə ona ölkəsini “Miss Asiya” beynəlxalq gözəllik yarışmasında təmsil etmək imkanı qazandırıb. Sonradan kino sahəsinə qədəm qoyan aktrisa 80-dən çox filmdə rol alaraq Hindistan kinematoqrafiyasının tanınmış simalarından birinə çevrilib.

Lakin onun şəxsi həyatı sənət uğurları qədər parlaq olmayıb. Zinət Aman ilk evliliyini aktyor və rejissor Sancay Xanla qurub. Həmin vaxt Sancay Xanın artıq evli və iki uşaq atası olması münasibətlər ətrafında müzakirələrə səbəb olub. Cütlük Rac Kapurun çəkdiyi “Abdulla” filmində də birlikdə rol alıb.

Aktrisanın bu nikahdan böyük gözləntiləri olsa da, münasibətlər faciəli hadisələrlə yadda qalıb. Məlumata görə, bir ziyafət zamanı Sancay Xanın ilk həyat yoldaşı Zarine Zinət Amanı itələyərək yerə yıxıb. Hadisədən sonra Sancay Xanın da aktrisaya fiziki zorakılıq göstərdiyi bildirilir. Zərbələrin nəticəsində Zinətin gözündə ciddi zədələr yaranıb və o, dörd dəfə cərrahiyyə əməliyyatı keçirməli olub. Həmin hadisənin izlərinin sonrakı illərdə də onun gözündə qaldığı qeyd edilir.

Bundan sonra Sancay Xan aktrisanı ona xəyanət etməkdə ittiham edərək münasibətlərə son qoyub.

İlk evliliyinin bitməsindən dörd il sonra Zinət Aman kinoaktyor Mazhar Xanla ailə həyatı qurub. Bu nikahdan iki oğlu dünyaya gəlib. Lakin 12 il davam edən ailə münasibətləri 1998-ci ildə boşanma ilə nəticələnib.

Ayrılıq dövründə Mazhar Xanın ağır xəstə olduğu bildirilirdi. Onun bir müddət sonra vəfat etməsi isə yeni qalmaqala səbəb olub. Mazhar Xanın yaxınları onun ölümündə Zinət Amanı günahlandırıblar. İddialara görə, qəzəbli qohumlar aktrisanın evinə hücum edərək ona fiziki zorakılıq göstəriblər. Hadisənin ən sarsıdıcı tərəflərindən biri isə Zinətin həmin vaxt 13 yaşında olan oğlunun da anasına qarşı zorakılıq edənlər arasında olması barədə yayılan məlumatlar olub.

Bütün bu çətinliklərə baxmayaraq, Zinət Aman sonrakı illərdə həyatını yenidən qaydaya salmağa çalışıb. Zaman keçdikcə övladları ilə münasibətlərini bərpa edib və daha sakit həyat sürməyə başlayıb.

Bu gün Zinət Aman yalnız Hindistan kinosunda yaratdığı obrazlarla deyil, həm də mürəkkəb həyat yolu ilə xatırlanır. Onun hekayəsi şöhrətin və uğurun arxasında bəzən nə qədər ağır şəxsi sınaqların dayana biləcəyini göstərir.

Vural


media-adspc

Bənzər xəbərlər