media-putin-2-epa-gmh-251126_1764164413946_hpmain

ABŞ, Rusiya və Çin liderləri Donald Tramp, Vladimir Putin və Si Cinpinin Şençjendə keçirilməsi planlaşdırılan üçtərəfli görüşü “Yalta 2” kimi təqdim olunsa da, bu iki tarixi hadisə arasında ciddi fərqlər mövcuddur.

ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, İkinci Dünya müharibəsindən sonra qalib dövlətlər arasında formalaşan ortaq maraqlardan fərqli olaraq, hazırda ABŞ, Rusiya və Çin arasında dərin ziddiyyətlər mövcuddur və tərəflərin heç biri apardığı müharibənin qalibi deyil.

Onun fikrincə, Şençjen görüşünün qlobal təsir dairələrinin bölüşdürülməsi ilə nəticələnəcəyi ehtimalı azdır. Bununla belə, hər üç dövlətin sammitdə özünəməxsus geosiyasi maraqları var.

Asif Nərimanlının sözlərinə görə, üçtərəfli görüşün təşəbbüskarı olan Vladimir Putin iki əsas məqsəd güdür: ABŞ və Çin arasındakı supergüc rəqabətində Rusiyanın da qlobal aktor kimi qəbul edilməsini təmin etmək, eləcə də Ukrayna məsələsində Si Cinpinin mövqeyindən istifadə edərək Donald Trampa təsir göstərmək. Moskva nüvə silahlarına həsr olunacaq görüşün gündəliyinə Ukrayna məsələsini daxil etməklə yanaşı, ABŞ-dan sanksiyaların yumşaldılması və iqtisadi güzəştlər əldə etməyə də çalışa bilər.

Siyasi təhlilçi bildirir ki, Donald Tramp üçün görüşün əsas prioritetlərindən biri İran məsələsidir. Hörmüz boğazının blokadasının yaratdığı enerji problemləri həm ABŞ-ı, həm də Çini narahat edir. Vaşinqton bu amildən istifadə edərək Pekinlə maraqları uzlaşdırmağa və İran üzərində təzyiq imkanlarını genişləndirməyə çalışa bilər. Trampın digər məqsədi Çinin Yeni START müqaviləsi üzrə müzakirələrə qoşulmasına nail olmaq və qlobal siyasətdə üç böyük dövlətin birgə qərarvermə görüntüsünü yaratmaqdır.

Asif Nərimanlının qənaətinə görə, Si Cinpin üçün isə sammit ilk növbədə Çinin supergüc statusunu nümayiş etdirmək və ABŞ-nin də bu reallığı qəbul etdiyini göstərmək baxımından əhəmiyyətlidir. Pekin həmçinin qlobal sülhün və yeni dünya nizamının formalaşmasında həlledici rol oynadığını nümayiş etdirmək istəyir. Bununla yanaşı, Çin görüşdən Tayvan məsələsində mövqelərini gücləndirmək üçün diplomatik platforma kimi istifadə edə bilər.

Təhlilçi mümkün danışıqlar strategiyalarına da diqqət çəkib. Onun fikrincə, Çin Ukrayna məsələsində Rusiyaya müəyyən dəstək verməklə Moskvanı öz siyasi orbitinə daha da yaxınlaşdıra, bunun müqabilində Avropa ilə bağlı təhlükəsizlik tələblərinin yumşaldılmasını istəyə bilər. Pekin eyni zamanda İran məsələsində Hörmüz boğazının açılması və enerji qiymətlərinin sabitləşdirilməsi naminə ABŞ-la ortaq mövqe nümayiş etdirməyə, qarşılığında ticarət məhdudiyyətlərinin yumşaldılmasına nail olmağa çalışa bilər.

Asif Nərimanlı hesab edir ki, Rusiya da Ukrayna məsələsində mümkün dəstək qarşılığında Avropa ilə bağlı tələblərini yenidən nəzərdən keçirə və ABŞ-la müəyyən güzəştlər üzrə razılığa gələ bilər. Putin həmçinin ABŞ və Çin arasında vasitəçi rolunu oynamağa cəhd göstərəcək. Lakin Moskva üçün görüşün özündə iştirak etmək və böyük güclərlə eyni masada yer almaq da mühüm siyasi qazancdır.

ABŞ-ın mövqeyinə gəlincə, siyasi təhlilçi hesab edir ki, Trampın manevr imkanları daha mürəkkəb vəziyyətdədir. Ukrayna, İran və Çinlə ticarət məsələlərində mümkün razılaşmalara qarşı həm ABŞ daxilində, həm də Avropada ciddi müxalif mövqelər mövcuddur. Bu isə əldə ediləcək anlaşmaların praktiki icrasını çətinləşdirə bilər. Buna baxmayaraq, Vaşinqton müəyyən güzəştlər hesabına Moskva və Pekinin mövqelərini yaxınlaşdırmağa çalışacaq.

Asif Nərimanlının fikrincə, sammitin ciddi nəticələrlə başa çatması ehtimalı aşağıdır. Çinin nüvə silahlarına nəzarət məsələsində marağının məhdud olması, tərəflər arasında etimadsızlıq, Ukrayna və İran mövzularında maraqların toqquşması əsas maneələrdir.

Siyasi təhlilçi hesab edir ki, bütün ziddiyyətlərə baxmayaraq, ABŞ, Rusiya və Çini birləşdirən ortaq məqam mövcuddur: hər üç dövlət dünyanı qlobal təsir dairələrinə bölüşdürmək gücünün məhz onların əlində olduğunu və gələcək beynəlxalq nizamın bu reallıq əsasında formalaşacağını nümayiş etdirməyə çalışır.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər