media-moskva-londona-ittiham-yoneltdi-muharibeye-birbasa-qosulub-rasthaber-azerbaycan

Çində keçirilən yüksək səviyyəli görüşlər 1945-ci il Yalta konfransının təkrarı deyil, ABŞ və Çin arasında qlobal güc balansının nümayişi və yeni beynəlxalq münasibətlər sistemində mövqelərin müəyyənləşdirilməsi cəhdidir.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva bildirib ki, dünyada iki supergüc – ABŞ və Çin mövcuddur, Rusiyanın bu prosesdə iştirakı isə daha çox simvolik xarakter daşıyır.

Onun sözlərinə görə, Kremlin Şençjendə keçiriləcək Çin–Rusiya–ABŞ dövlət başçıları sammitini 1945-ci il Yalta konfransı ilə eyniləşdirmək cəhdi uğursuzluğa düçar olub. Qazıyeva hesab edir ki, Moskva bu görüşün üç böyük dövlət arasında dünyanın bölüşdürülməsi təsəvvürünü yaratmağa çalışsa da, Pekinin diplomatik protokolu Rusiyanın real beynəlxalq mövqeyini nümayiş etdirib.

Araşdırmaçı jurnalist qeyd edib ki, Çin lideri Si Cinpinin ABŞ Prezidenti Donald Trampı hava limanında şəxsən və yüksək səviyyədə qarşılaması, Rusiya Prezidenti Vladimir Putini isə daha aşağı ranqlı məmurun qarşılaması təsadüfi protokol detalı kimi qiymətləndirilməməlidir.

Qazıyevanın fikrincə, bu addım Pekinin Vaşinqton və Moskva ilə münasibətlərdəki fərqli yanaşmasını göstərib və Rusiyanın Çindən asılı vəziyyətinə incə diplomatik işarə olub.

O, birgə foto çəkilişinin də eyni mesajı verdiyini vurğulayıb. Jurnalistin fikrincə, Putinin fotoda Çinin birinci xanımının solunda yerləşdirilməsi, Trampın yanında yer almaması onun görüşdə ikinci plana keçirildiyini göstərən simvolik detallardan biri olub. Si Cinpinin foto çəkilişindən sonra dərhal Trampa tərəf yönəlməsi, Putinin isə kənarda qalması da bu mənzərəni tamamlayıb.

Arzu Qazıyeva bildirib ki, Çin diplomatiyasında protokol, oturma düzəni, qarşılanma mərasimi və diqqətin kimə yönəldilməsi kimi detallar böyük əhəmiyyət daşıyır. Onun qənaətinə görə, bu cür simvolik davranışlar bəzən rəsmi bəyanatlardan daha aydın siyasi mesaj verir.

Jurnalist diqqətə çatdırıb ki, Si Cinpinin çıxışından sonra iştirakçıların əksəriyyətinin zalı tərk etməsi Putinin çıxışını dinləyən auditoriyanın nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Onun sözlərinə görə, Putin çıxışında Rusiyanın iqtisadi imkanlarını ön plana çəkərək Asiya biznesini ölkəyə cəlb etməyə çalışsa da, bu təqdimatın nə dərəcədə inandırıcı olduğu sual doğurur.

Qazıyeva Putinin Çin liderinə Rusiyada Çin dilini öyrənənlərin sayının 100 mini keçdiyini və artmaqda davam etdiyini bildirməsinə də toxunub. Bununla belə, jurnalist hesab edir ki, bu cür göstəricilər Rusiyanın qarşısında duran əsas siyasi və iqtisadi problemlərin həllinə ciddi töhfə vermək gücündə deyil.

Arzu Qazıyevanın fikrincə, təhlilçilər görüşdən ciddi siyasi və iqtisadi razılaşmalar gözləmirlər. Sammit daha çox simvolik və təbliğat xarakterli tədbir kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, Donald Tramp üçün əsas məsələlərdən biri ABŞ, Rusiya və Çinin nüvə arsenallarının azaldılması ilə bağlı danışıqlara başlamaqdır. Lakin bu istiqamətdə razılaşmanın əldə olunması çətin görünür. Çünki Çinin nüvə arsenalı ABŞ və Rusiyanın arsenalı ilə müqayisədə xeyli kiçikdir və Pekinin mövcud imkanlarını azaltmağa maraq göstərməsi real görünmür.

Qazıyeva hesab edir ki, Si Cinpin üçün belə bir sammitdə iştirak Çinin aparıcı dünya gücü statusunun bir daha təsdiqlənməsi baxımından əhəmiyyətlidir. Şençjen şəhərinin görüş üçün seçilməsi də təsadüfi deyil. Bu seçim Çinin texnoloji və iqtisadi potensialının nümayişi kimi qiymətləndirilə bilər.

Jurnalist Şençjenin tez-tez ABŞ-ın Silikon Vadisi ilə müqayisə olunduğunu xatırladaraq, şəhərin beynəlxalq texnologiya və biznes mərkəzi kimi mövqeyinə diqqət çəkib. O, Hurun Report-un milyarderlər reytinqinə istinadən Şençjenin Nyu-York istisna olmaqla, dünyada ən çox milyarderin yaşadığı şəhərlərdən biri olduğunu qeyd edib.

Araşdırmaçı jurnalistin qənaətinə görə, sammitin məhz Şençjendə keçirilməsi müasir dünyanın texnoloji və iqtisadi inkişaf istiqamətlərini də nümayiş etdirir. Bu mənzərədə Rusiyanın mövqeyi isə xeyli zəif görünür.

Arzu Qazıyeva vurğulayıb ki, Rusiya vaxtilə inkişaf və texnoloji modernləşmə yolunu seçə bilərdi, lakin fərqli siyasi istiqamətə üstünlük verməsi ölkənin texnoloji tərəqqisini ciddi şəkildə məhdudlaşdırıb.

Onun fikrincə, Putin üçün bu görüşün əsas faydası beynəlxalq təcriddən çıxmaq və Rusiyanın diplomatik əlaqələrini genişləndirmək imkanı ola bilər. Lakin bunun da nə dərəcədə mümkün olacağı hələ sual altındadır.

Qazıyeva hesab edir ki, Şençjen sammiti Rusiyanın özünü ABŞ və Çinlə eyni səviyyədə təqdim etmək cəhdlərinin reallıqla üst-üstə düşmədiyini göstərən növbəti siyasi hadisə kimi yadda qala bilər.

Vural


media-adspc

Bənzər xəbərlər