Amazon meşəsində 11 gün təkbaşına: 17 yaşlı qızın inanılmaz hekayəsi
1971-ci il dekabrın 24-də 17 yaşlı Juliane Köepcke anası ilə birlikdə Limadan Pukallpaya uçarkən təyyarə güclü tufana düşüb.
ERAmedia xəbər verir ki, müğənni Nura Suri sosial şəbəkədə paylaşımında illər əvvəl baş vermiş bu inanılmaz hadisədən bəhs edib.
Paylaşımda qeyd olunur ki, ildırım təyyarənin qanadına dəyib və təyyarə havada parçalanıb. Juliane isə təhlükəsizlik kəməri ilə kreslosuna bağlı vəziyyətdə təxminən 3 min metr yüksəklikdən Amazon meşəsinə düşüb.
Gənc qızın oturduğu üçlü kreslo sırasının təyyarənin gövdəsindən qoparaq onunla birlikdə aşağı düşdüyü bildirilir. Təxminən bir saat sonra palçığın içində özünə gələn Juliane nə baş verdiyini anlayıb. Körpücük sümüyü sınmış, diz bağı zədələnmiş, müxtəlif bədən xəsarətləri almışdı. Eynəyini də itirdiyindən və bir gözü zərbədən şişdiyindən görməsi ciddi şəkildə məhdudlaşmışdı.
Buna baxmayaraq, o, ilk olaraq anasını axtarıb. Onu tapa bilməyəndə isə meşədən çıxmaq üçün hərəkətə keçib.
Julianenin uşaqlığını həmin ərazilərdə keçirməsi onun üçün böyük üstünlük olub. O, atasının vaxtilə dediyi məsləhəti xatırlayıb: “İtsən, axar suyu izlə. Kiçik axar səni çaya, çay isə insanların yaşadığı yerə aparacaq.”
Gənc qız tapdığı bir paket konfetlə günlərlə qidalanıb. Konfetlər bitdikdən sonra isə yalnız su içərək çayın kənarı ilə hərəkətini davam etdirib. Yaraları ağırlaşsa da, dayanmayıb.
11-ci gün çayın sahilində qayıq və yerli ağac kəsənlərə məxsus kiçik daxma görüb. Bir müddət sonra daxmaya qayıdan işçilər Julianeni taparaq xilas ediblər.
Təyyarədə olan 92 nəfərdən yalnız Juliane sağ qalıb.
Onun təxminən 3 min metr yüksəklikdən düşərək necə sağ qalması bu gün də tam izah edilməyib. Ehtimallara görə, üçlü kreslo sırasının havada fırlanması düşmə sürətini azaldıb, sıx ağac budaqları isə zərbəni müəyyən qədər yumşaldıb.
Hadisədən sonra Juliane bioloq olub və həyatını Amazon meşələrinin öyrənilməsinə və qorunmasına həsr edib.
Mələk Onur










