media-photo_5363929603543603396_y

IV əsr Roma tarixçisi Ammiyan Marsellinin məşhur “Res Gestae” (“Tarix”) əsərinin XXIII cildində Azərbaycanla bağlı xüsusi qeydlər yer alır.

Pompeyin albanlar və massagetlər üzərinə yürüşündən bəhs edilir. Maraqlıdır ki, müəllif massagetləri indiki alanlar kimi təqdim edir. Mətndə qeyd olunan hissənin tərcüməsi təxminən belədir:

“…Pompeyi xatırlayaq; o, albanların və massagetlərin müqavimətini qıraraq bu xalqların torpaqlarından keçmiş və Xəzər dənizini görmüşdür”.

Ammiyan üçün “Albaniya” Xəzər dənizi ilə Qafqaz dağları arasında yerləşən strateji məkandır. Müəllif qeyd edir ki, alban şahları (məsələn, Urnayr) Roma imperatorları ilə birbaşa diplomatik əlaqələr quracaq qədər nüfuzlu idilər.

Ammiyan Marselli imperator Yulianın əsgərlərinə müraciətini təsvir edərkən yazır ki, imperator ordusuna ruh vermək üçün keçmiş Roma sərkərdələri – Lukull, Pompey və Trayanın Şərqdə, xüsusilə də indiki Azərbaycan, Gürcüstan və İran ərazilərində qazandıqları qələbələri nümunə gətirirdi.

Müəllif əsərdə müasir Azərbaycan coğrafiyasında yaşayan xalqları fərqləndirir və onları belə təsvir edir:

“Onlar uca boylu və qamətlidirlər. Saçları sarışın, gözləri isə kəskin və hədələyicidir. Bu xalq üçün qocalıqdan ölmək rüsvayçılıq, döyüşdə ölmək isə ən böyük xoşbəxtlik sayılır”.

Ammiyan Xəzər dənizini dünyanın kənarında yerləşən böyük su hövzələrindən biri kimi təsvir edir. O, bu torpaqları həm zəngin resurslara malik, həm də çətin ram edilən döyüşkən xalqların yurdu kimi xarakterizə edir. Massagetləri isə çevik, sürətli və qəfil hücumlar edən, məğlubedilməz süvarilər kimi təqdim edir.

O vurğulayır:

“Bu xalqda ‘qul’ anlayışı yoxdur. Hamı eyni soydan gəlir və hamı azaddır. Hətta hakimləri və rəhbərləri də uzunmüddətli döyüş təcrübəsinə malik şəxslər arasından seçilir. Bu torpaqlarda yaşayanlar acıya, soyuğa və yorğunluğa qarşı inanılmaz dərəcədə dözümlüdürlər. Onların ‘vəhşi’ görünüşünün arxasında qırılmaz iradə və azadlıq eşqi dayanır. Onların nə məbədləri, nə də rəsmi dinləri var”.

Ammiyanın ən məşhur qeydlərindən biri isə budur: “Onlar yerə sancılmış yalın qılınca Marsın rəmzi kimi sitayiş edir və qılınc üzərinə and içirlər”.

Ammiyan yazır ki, onlar daşdan və ya ağacdan düzəldilmiş bütlərə sitayiş etmirlər. Onların yeganə müqəddəs simvolu yerə sancılmış qılıncdır. Bu adət qədim türk tayfalarında “Tanrı qılıncı” inancı ilə uyğunluq təşkil edir.

Kitabda Azərbaycanın qədim sakinləri “çoxdilli, döyüşkən, atüstündə mahir və Roma–Sasani rəqabətində həlledici güc” kimi təqdim olunur.

Ammiyan Marsellinin yaşadığı IV əsrdə antik dünya hələ “türk” etnonimini vahid ad kimi tanımırdı. Buna baxmayaraq, o, Azərbaycan və ətraf bölgələrdə yaşayan xalqlar – alanlar, massagetlər və hunlar haqqında maraqlı, bəzən isə subyektiv qeydlər verir.

Ammiyan alanların və hunların danışığını təsvir edərkən latın və yunan dilləri ilə müqayisə aparır. O, bu dilləri qulağa “sərt” və “vahiməli” gələn səslər toplusu kimi təqdim edir. Müəllif onların dilini “skit dili” adlandırsa da, vurğulayır ki, bu dil geniş bir coğrafiyada (Dunaydan Xəzərin şərqinə qədər – Z.Ə) yayılmışdır.

Müəllif yazır:

“Alanlar, massagetlər və hunlar bir-biri ilə rahat ünsiyyət qura bilirlər. Onların ləhcələri fərqlənsə də, kökləri eynidir”.

Beləliklə, Ammiyan Marselli Azərbaycanı sadəcə bir ərazi kimi deyil, azadlıqsevər, atüstündə mahir, sərtdilli və döyüşkən xalqların vətəni kimi təsvir edir. Onun yazdıqları Azərbaycanın qədim hərbi və mədəni köklərini anlamaq üçün qiymətli mənbədir.

Zaur Əliyev

media-photo_5363929603543603395_x


media-adspc

Bənzər xəbərlər