Azərbaycanın konstitusiya quruluşu uzun və mürəkkəb tarixi inkişaf yolu keçib-Elçin Mirzəbəyli
“Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini, dövlətin idarəçilik prinsiplərini, insan və vətəndaş hüquqlarının təminat mexanizmlərini özündə əks etdirən fundamental sənəddir. Bu sənəd Azərbaycan xalqının azadlıq arzularının, müstəqil dövlət qurmaq iradəsinin və demokratik inkişaf yolunun hüquqi ifadəsidir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Bu sözləri ERAmedia -ya açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, Azərbaycanın konstitusiya quruluşu uzun və mürəkkəb tarixi inkişaf yolu keçib:
“1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul etməyə imkan tapmamışdı. Buna görə də Azərbaycanın konstitusiya tarixinin başlanğıcı SSRİ dövrünə təsadüf edir. 1921-ci il mayın 19-da qəbul edilən Azərbaycan SSR-in ilk konstitusiyası, sonradan 1925, 1927, 1937 və 1978-ci illərdə yenilənib. Xüsusilə 1978-ci il konstitusiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit edilməsi milli özünüdərkin, dilimizin və kimliyimizin qorunması baxımından mühüm hadisə olub. SSRİ-nin süqutu və dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan yeni siyasi mərhələyə qədəm qoydu”.
Deputat deyib ki, 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, həmin dövrdə mövcud siyasi qeyri-sabitlik və idarəetmə böhranı buna imkan vermədi:
“Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə sabitliyi bərpa edərək, dövlətçiliyin möhkəmləndirilməsi və müasir konstitusiyanın hazırlanması üçün real şərait yaratdı. Onun rəhbərliyi ilə formalaşdırılmış Konstitusiya Komissiyası tərəfindən hazırlanan layihə 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq referendumu ilə qəbul edildi. Referendumda seçicilərin 86 faizi iştirak edib, onların 91.9 faizi konstitusiyanın lehinə səs verib. Yeni konstitusiya 27 noyabr 1995-ci ildə qüvvəyə minərək, müstəqil Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi fəaliyyətinin əsas hüquqi bazasını formalaşdırdı. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “Xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış konstitusiya demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin ali hüquqi qüvvəyə malik sənədidir və onun maddələri insan hüquqlarının, azadlıqlarının və vətəndaş cəmiyyətinin təminatına yönəlib. Əsas qanunun 48 maddəsi bilavasitə insan hüquq və azadlıqlarına həsr olunub, hər bir vətəndaşın irqindən, dinindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlara malik olduğu təsbit edilib. Bu, ölkəmizin demokratik dəyərlərə sadiqliyini və hüquqi dövlət prinsiplərinə əsaslandığını təsdiq edir”.
Müsahibimiz əlavə edib ki, konstitusiyanın qəbulundan sonra hüquqi dövlət mexanizminin tam formalaşdırılması məqsədilə 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Qanun qəbul edilib və 1998-ci ilin iyulunda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb:
“Bu orqan konstitusiyanın aliliyinin qorunması, qanunvericiliyin və məhkəmə sisteminin konstitusion prinsiplərə uyğunluğunun təmin edilməsi sahəsində mühüm rol oynayır.
Zamanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının Konstitusiyasına bir neçə dəfə əlavə və dəyişikliklər edilib. 2002-ci, 2009-cu və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş hüquqlarının müdafiəsinin gücləndirilməsi, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsi və vitse-prezidentlik institutunun yaradılması kimi mühüm islahatlar həyata keçirilib. Bu dəyişikliklər hüquqi dövlətin müasir tələblərə uyğun adaptasiyasını təmin edib”.
“Azərbaycan xalqı 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. 2023-cü ilin antiterror əməliyyatı ilə konstitusiyanın hüquqi qüvvəsi ölkənin bütün ərazilərində bərqərar oldu. Bu böyük tarixi nailiyyəti və konstitusiyanın qəbulunun 30 illiyini nəzərə alaraq, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Həmçinin, “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” yubiley medalı təsis edilib. Bu medal konstitusiyanın aliliyinin təmin edilməsinə, dövlət müstəqilliyinin möhkəmləndirilməsinə və hüquq sisteminin inkişafına töhfə vermiş şəxslərin əməyinə verilən yüksək qiymətdir. Azərbaycan Respublikasının Konstitusiyası bu gün yalnız hüquqi sənəd deyil, eyni zamanda dövlət müstəqilliyimizin, milli birliyimizin və vətəndaş həmrəyliyimizin simvoludur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan dövləti həmin strateji məqsədlərə sadiq qalaraq, Konstitusiyanın prinsiplərinə əsaslanan hüquqi, demokratik və suveren inkişaf yolunu inamla davam etdirir. Konstitusiyamız müstəqil dövlətçiliyimizin rəmzi, insan hüquq və azadlıqlarının təminatçısı, suveren Azərbaycanın əbədi hüquqi dayağıdır”, – deyə millət vəkili fikrini tamamlayıb.










