Azərbaycanlı mühəndisin adı NASA-nın kosmik teleskopunda əbədiləşdirilib

NASA-da çalışan azərbaycanlı mühəndis Atilla Əsgərovun adı ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin Nancy Grace Roman Kosmik Teleskopunun hazırlanmasında iştirak edən mütəxəssislərin adları sırasında yer alıb.
ERAmedia xəbər verir ki, bu barədə jurnalist Hafiz Əhmədov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilibb ki, onun üçün heç vaxt unutmayacağı xüsusi bir ad günü yaşanır. NASA-nın “Nancy Grace Roman” Kosmik Teleskopunun Kennedi Kosmik Mərkəzindən kosmosa buraxılması və Yerdən təxminən 1,5 milyon kilometr uzaqlıqda yerləşən Günəş–Yer L2 Laqranj nöqtəsinə doğru yola düşməsi onun üçün həm peşəkar, həm də şəxsi baxımdan böyük əhəmiyyət daşıyır.
Azərbaycanlı mühəndis 2016–2024-cü illərdə NASA-nın Goddard Kosmik Uçuş Mərkəzində Roman teleskopunun Geniş Sahə Aləti (WFI) üzərində çalışıb. O, hazırda buraxılış meydançasında olan avadanlıqların sınaqdan keçirilməsi və onların müəyyən edilmiş tələblərə uyğunluğunun təsdiqlənməsi prosesində də iştirak edib.
WFI-nin panellərindən birinin üzərində onun hazırlanmasında iştirak edən bir neçə yüz şəxsin adlarının həkk olunduğunu qeyd edilib. Həmin adlar arasında azərbaycanlı mühəndisin adı da yer alır.
“Bu gün — bütün günlər içərisində məhz ad günümdə — həmin panel Yer kürəsini həmişəlik tərk edir”, – deyə Atilla Əsgərov bildirib.
O, NASA-nın Goddard Kosmik Uçuş Mərkəzindəki komandanın bir parçası olmaqdan qürur duyduğunu vurğulayıb:
“NASA-nın Goddard ailəsinin bir parçası olmaq və bu qədər istedadlı, fədakar komanda ilə çiyin-çiyinə çalışmaq mənim üçün həqiqətən böyük şərəf olub. Birlikdə ərsəyə gətirdiyimiz bu qurğu ömrünü kainatın dərinliklərinə nəzər salmağa sərf edəcək. Bunun mümkün olmasına töhfə verən hər bir insana minnətdaram”.
Atilla Əsgərov valideynlərinin artıq onun yanında olmadığını və bu xüsusi gündə onları görməyin onun üçün ən böyük arzu olduğunu da bildirib.
“Anam və atam bunu görmək üçün artıq yanımda deyillər və bu gün çatışmayan yeganə şey də elə budur. Onlar mənimlə qürur duymaqdan çox xoşbəxt olardılar. Bu, onlar üçündür. Nə böyük bir yolçuluq oldu. Uğurlar, Roman!” – deyə azərbaycanlı mühəndis qeyd edib.
Hafiz Əhmədov isə paylaşımının sonunda Atilla Əsgərovu doğum günü münasibətilə təbrik edərək “Fəxrimizsiniz!” sözlərini yazıb.
Əli Fərhad









