media-photo_5316609857194497232_y

Tanınmış rus şairi Sergey Yesenin bir neçə dəfə Bakıda olub. İlk dəfə 1920-ci ildə etdiyi qısa səfər Yeseninə Bakını yaxından tanımaq imkanı verib. Daha sonra o, bir neçə dəfə də bu şəhərə gəlib. Sonuncu dəfə 1925-ci ilin martında Bakıya gələn şair iki aydan çox burada qalıb və Mərdəkan qəsəbəsində yaşayıb.
Burada yaşadığı müddətdə o, Bakı ilə bağlı xatirələrini qeydə alıb.

Yazılarında şəhərin kriminal dünyasına da xüsusi yer ayırıb. Həmin qeydlərdə diqqətimi çəkən şəxslərdən biri Şahnaz bibi idi – kriminal dünyanın liderlərindən biri olan qadın. Təxminən 40 yaşlarında olan bu qadın kişi mərkəzli kriminal aləmdə inanılmaz nüfuz qazanmışdı.
Onun həyat yoldaşı o dövrün məşhur kriminal fiqurlarından biri olan Kərim idi. Rus ordusunun əks-kəşfiyyat polkovnikinin pulunu aldadaraq əldə etdikdən sonra 1890-cı ildə onu Xəzər dənizində əlləri bağlanmış, boynuna böyük bir daş bağlanmış halda batırıblar.

Ərinin ölümündən sonra kriminal dəstəyə Şahnaz bibi rəhbərlik etməyə başlayır. Qeydlərə görə, o, gödəkçəsinin altında ucu kəsilmiş ov tüfəngi gəzdirirdi. Arxiv sənədlərində onun zahiri görünüşü haqqında da maraqlı məlumatlar var. O, adətən qara libas geyinir, başına bahalı ipək kəlağayı bağlayardı. Barmaqlarında isə iri və qiymətli üzüklər olardı.

Məhərrəmlik ayında insanların dini ibadətinə mane olmaq istəyən, “Skripkaçı” ləqəbli rus kriminal aləminin üzvü Miroslavı məscidin qarşısında yaralamışdı. Miroslav 33 yaşlı, iki metrdən artıq boyu olan hündürboylu bir şəxs idi. Ona xəbərdarlıq edilmişdi ki, bu ayda oğurluq etməsin. Bu xəbərdarlığa məhəl qoymadığı üçün cəzasını alır.

Şahnaz bibi Bakının ən təhlükəli məhəllələrində, xüsusilə Çəmbərəkənd və Qara şəhər ətrafında qumarxanalar, gizli sığınacaqlar və oğurluq malların satıldığı anbarlar saxlayırdı. O vaxtlar bu yerlər dar küçələri və labirintə bənzər həyətləri ilə hüquq-mühafizə orqanları üçün əsl kabus idi. Bir cinayətkar həmin məhəllələrə girdisə, onu tapmaq demək olar ki, mümkün olmurdu.

Sona və Gülpəri kimi kriminal aləmdə tanınan qadınlar Şahnaz bibinin dəstəsində idi. Qadınlardan ibarət “cibgirlər” dəstəsi toylarda və bazarlarda qadınların zinət əşyalarını oğurlayır, həmçinin qaçaqmalçılıqla məşğul olurdular.

Həmin illərdə Bakıda yaşayan erməni alverçisi Slavik də var idi. Bir gün o, Şahnaz bibinin əmrinə tabe olmur və təkbaşına onun üzərinə gedərək xəncərlə çiyninə ağır zərbə endirir. Daha sonra qaçır və bir daha Bakıda görünmür. Bu hadisədən sonra şəhərdə ermənilər arasında belə bir söz yayılmışdı:

“Biz Şahnaz bibidən azərbaycanlı kişilərdən daha çox qorxuruq.”
Şahnaz bibi şəhərin elitası ilə də sıx əlaqədə idi. O dövrün bəzi varlı neft sahibləri öz rəqiblərini qorxutmaq və ya onlardan nəsə tələb etmək üçün rəsmi yollara deyil, Şahnazın xidmətlərinə müraciət edirdilər. O, bir növ vasitəçi rolunu oynayırdı: kiminsə mülkü oğurlanırdısa, polisdən əvvəl Şahnaza xəbər göndərilirdi ki, “haqqını verək, malı geri qaytar”.

Əgər iki oğru dəstəsi arasında ərazi və ya qənimət üstündə mübahisə yaranırdısa, tərəflər Şahnazın yanına gedirdi. Onun verdiyi qərar qəti olurdu və buna etiraz edənlərin cəzası çox ağır olurdu.

Deyilənə görə, bir dəfə məşhur bir neft maqnatının evindən nadir bir mücrü oğurlanır. Polis həftələrlə axtarış aparsa da, heç nə tapa bilmir. Maqnat məcbur qalıb Şahnaz bibiyə xəbər göndərir. Cəmi iki gün sonra mücrü maqnatın qapısının ağzına qoyulur və içindəki qızıllar da yerində olur.

Şahnaz bibi tez-tez Bakının dağlıq hissəsində yerləşən Çəmbərəkənd qəbiristanlığındə qohumlarının məzarını ziyarət edərdi. 1908-ci il sentyabrın 3-də qəbiristanlıq ziyarətindən qayıtdıqdan qısa müddət sonra Şahnaz bibi öz evində vəfat edir.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər