media-photo_5368433203170972903_x

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərən “Qasımov qardaşları və K” şirkətinin sahibləri olan Qasımov qardaşları şəhərin memarlıq inkişafında mühüm rol oynayıblar.

ERAmedia xəbər verir ki, bu qardaşlar İsmailiyyə Sarayı, Səadət Sarayı və digər möhtəşəm binaların tikintisində iştirak edib, tikinti materiallarının təminatı və istehsalı ilə də məşğul olublar.

Kiçik qardaş İmran Qasımov teatr sənətinə maraq göstərib, Üzeyir Hacıbəyov ilə əməkdaşlıq edərək “Leyli və Məcnun” operasının hazırlanmasında və səhnələşdirilməsində iştirak edib. Sovet hakimiyyəti dövründə əmlakları müsadirə edilsə də, qardaşlar sonradan müxtəlif sahələrdə fəaliyyətlərini davam etdirərək Azərbaycanın iqtisadi və mədəni həyatına töhfə veriblər.

Musa Nağıyevin Bakıda tikdirdiyi binaların tikintisini də davam etdirən qardaşlar İstiqlaliyyət və 28 May küçələrində, eləcə də həmin ərazidə yerləşən bir çox binaların inşasını həyata keçirib, eyni zamanda rəngləmə üzrə emalatxananın sahibi olublar.

Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. O, Bakıya gələrək xarratlıqla məşğul olub, qısa müddətdə ətrafına peşəkar ustalar toplayaraq tikinti sahəsində fəaliyyətini genişləndirib. Daha sonra qardaşları ilə birlikdə tikinti şirkəti yaradaraq materialların alınması, daşınması, tikinti işlərinin aparılması və fasadların işlənməsi kimi işləri həyata keçiriblər. Sonradan qardaşlar Bakıda parket zavodu da açıblar.

Ortancıl qardaş Əli Qasımov 1873-cü ildə anadan olub. O, qardaşları arasında ciddiliyi və sakitliyi ilə seçilib, şirkətdə əsasən maliyyə işlərinə nəzarət edib.

Kiçik qardaş İmran Qasımov isə şirkətin inkişafında fəal iştirak etməklə yanaşı, teatra böyük maraq göstərib. O, Azərbaycanın ilk aktyorlarından biri olub, 1907-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının məşqlərinin Qasımovların evində keçirilməsinə şərait yaratıb. 1908-ci il yanvarın 25-də opera ilk dəfə səhnəyə qoyularkən İmran Qasımov “Kəngərlinski” ləqəbi ilə həm Fəttah, həm də Zeyd rollarını ifa edib. Azərbaycan, rus və fransız dillərini bilən İmran Qasımov xeyriyyəçilik fəaliyyəti ilə də tanınıb.

1914-cü ildə Səadət Sarayının tikintisi zamanı baş verən faciəvi hadisədən sarsılan İmran Qasımov iki həftə sonra vəfat edib. 1918-ci ildə Hacı Qasımovun nəvəsi dünyaya gəlib və onun xatirəsinə İmran adı verilib. Sonradan bu şəxs tanınmış dramaturq və kinossenarist olub.

Sovet hakimiyyəti qurulduqdan sonra qardaşların əmlakı müsadirə edilib, onlar qısa müddətə həbs olunublar. Daha sonra Hacı Qasımov “Azneft”də iş icraçısı kimi fəaliyyət göstərib, Bakıda bir sıra binaların tikintisində iştirak edib. Qardaşlar yeni iqtisadi şəraitdə də fəaliyyətlərini davam etdirərək müxtəlif istehsal sahələrində çalışıblar.

Vüsalə


media-adspc

Bənzər xəbərlər