Bir baxışdan tanınan insanlar — Ailə dəyərlərinin sosioloji izahı
Elə ailələr var ki, tarixləri 150–200 ili keçir. Məni onların şəcərəsi yox, davranışı maraqlandırır. Müşahidə edirəm ki, belə nəsillərdə qəribə bir “nəsillərarası hesabatlılıq” hissi var. Sanki insan tək özünü yox, arxasında dayanan bütün bir soy yaddaşını təmsil etdiyini bilir. Bu isə davranışda görünür, kübarlıq, səbr, ölçülülük, başqasına hörmət, özünə dəyər, emosional sabitlik. Hətta üz cizgilərində sanki bu bir möhür kimi yazılır.
ERAmedia xəbər verir ki, bu barədə Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
Bunu təsadüfi saymayan M.Zeynalova əlavə edib ki, sosioloq Pierre Bourdieu bunu “habitus” (ailə daxilində formalaşan və şüuraltı şəkildə ötürülən davranış kodları) adlandırırdı.
“Yəni insan etiketi öyrənmir, onu yaşayır. Oturuşu, danışığı, məsafə qorumağı, reaksiya vermə tempi, hamısı nəsillər boyu cilalanmış mədəni kapitalın nəticəsidir. Belə ailələrdə “ad qoruma” anlayışı var. Bu qorxu yox, daxili etik məsuliyyətdir. İnsan özünü sübut etməyə çalışmır, çünki daxili təhlükəsizlik hissi sabitdir. Bu da ətrafdakılara “aura” kimi ötürülür”, – deyə o bildirib.
M.Zeynalova əlavə edib ki, sovet dövründə bir çox köklü ailələr statuslarını gizlədirdi, amma davranış kodlarını yox:
“Peşə dəyişə bilərdi, amma hörmət dili, münasibət mədəniyyəti, ailədaxili nizam qorunurdu. Ona görə bəzən eyni sosial səviyyədə olan, lakin tərəflərin biri fərqli sosial daşıyıcı ilə evlənən iki ailə arasında görünməz bir fərq hiss edilirdi. Əlbəttə, sapmalar olur. Travma, iqtisadi çöküş, mədəni qopma nəsil kapitalını zəiflədə bilər. Amma qorunan ailələrdə bir şey dəyişmir, daxili şərəf kodeksi. Bəlkə də məsələ genetik deyil. Məsələ, nəsillərarası ötürülən mədəni yaddaşdır. Bu yaddaş insanın davranışında səssiz, amma güclü şəkildə danışır”.
Əli Fərhad









