Bir kliklə tərcümə: Xarici dilləri öyrənmək tarixə çevrilir?
Videozənglərdə real vaxt rejimində tərcümə, TikTok-da avtomatik dublyaj və digər süni intellekt alətləri gündəlik ünsiyyətdə dil baryerlərini faktiki olaraq aradan qaldırır. OpenAI, Meta, Google və digər şirkətlərin sistemləri artıq onlarla dil arasında demək olar ki, ani tərcümə təmin edir və sürətlə təkmilləşməyə davam edir.
Bu fonda belə bir sual yaranır: əgər maşınlar insanlardan daha sürətli və çox vaxt daha dəqiq tərcümə edirsə, xarici dilləri öyrənməyə illər sərf etməyin hələ də mənası varmı?
ERAmedia-nın məlumatına görə, “The Conversation” nəşrində dərc olunan məqalənin müəllifləri vurğulayırlar ki, bəşəriyyət tarix boyu dəfələrlə idrak funksiyalarını texnologiyalara həvalə edib. Müəlliflər qeyd edir ki, yazı yaddaşa düşən yükü azaldıb, kalkulyatorlar isə hesablamaları asanlaşdırıb. Süni intellekt bu tendensiyanın davamı kimi qiymətləndirilir. Lakin onların fikrincə, əsas fərq ondadır ki, söhbət sadəcə bir bacarığın deyil, həm də idrak və mədəni təcrübə formasının əvəz olunmasından gedir.
Tədqiqatçılar “faydalı çətinliklər” anlayışından istifadə edirlər. Bu, ilk baxışda daha az effektiv görünən, lakin uzunmüddətli perspektivdə yaddaşı və qavrayışı gücləndirən tapşırıqları ifadə edir. Dil öyrənərkən söz axtarmaq, qrammatik strukturlar qurmaq və müxtəlif məna sistemləri arasında keçid etmək yaddaş, diqqət və idrak çevikliyinə cavabdeh olan neyron şəbəkələrini aktivləşdirir. Bu isə məlumatın passiv tərcümədən daha dərindən mənimsənilməsinə şərait yaradır.
Məqalədə idrak yükünün “kognitiv davamlılıq” – beynin yaşlandıqca funksiyalarını qoruyub saxlamaq qabiliyyətinin inkişafındakı rolu da xüsusi vurğulanır. Bir neçə dildə işləmək davamlı şəkildə kontekst dəyişməsini, rəqabət aparan mənaların idarə olunmasını və uyğunlaşmanı tələb edir ki, bu da beyin üçün uzunmüddətli məşq hesab olunur.
18-83 yaş arasında olan 94 nəfərin iştirak etdiyi araşdırmalarda çoxdilliliyin idrak funksiyaları ilə əlaqəsi öyrənilib. İştirakçılar işçi yaddaş, diqqət və vizual-səsli mühitdə diqqəti yayındıran stimulların qarşısını almağa yönəlmiş tapşırıqları yerinə yetiriblər. Nəticələr göstərib ki, ümumilikdə bir dildə danışanlarla poliqotlar arasında ciddi fərq müşahidə olunmayıb.
Lakin mühüm bir detal da üzə çıxıb, daha zəngin və müxtəlif dil təcrübəsinə malik iştirakçılar, xüsusilə yaşlı qruplarda, vizual-məkan işçi yaddaşı ilə bağlı tapşırıqlarda daha yaxşı nəticələr göstəriblər. Bu isə çoxdilliliyin ümumi “idrak üstünlüyü” yaratmasından çox, bəzi funksiyaların yaşla zəifləməsini ləngidə biləcəyinə işarə edir.
Əlavə tədqiqatlar çoxdilliliyi Alzheimer xəstəliyinin simptomlarının daha gec başlaması ilə də əlaqələndirir. Bununla belə, bu effektin mexanizmləri hələ də elmi müzakirə mövzusu olaraq qalır.
Məqalədə qeyd olunur ki, süni intellekt əsaslı tərcümə sistemləri dilin mədəni və emosional qatını tam şəkildə ötürə bilmir. Alqoritmlər statistik qanunauyğunluqlarla işlədiyi üçün kontekst, yumor, üslub və mədəni məna çalarları, xüsusilə də az yayılan dillərdə, tez-tez itirilir.
Beləliklə, maşın tərcüməsi informasiyanın dəqiq ötürülməsini təmin etsə də, dil və mədəniyyət təcrübəsində iştirakı əvəz etmir. Dil öyrənmək yalnız sözləri anlamaq deyil, həm də düşüncə tərzini, dəyərləri və tarixi konteksti mənimsəmək deməkdir.
Müəlliflər bildirirlər ki, bir neçə dil bilən insanlar çox vaxt bu dilləri sadəcə tərcümə sistemi kimi deyil, fərqli idrak və emosional “rejimlər”, hətta özünüqavrayışın müxtəlif formaları kimi təsvir edirlər.
Vüsalə









