Baş nazir: “O oliqarxın müəssisəsi milliləşdiriləcək”
Ermənistanın Baş naziri Nikol Paşinyan erməni oliqarxlarından Qaqik Tsarukyanın “Araratsement” müəssisəsinin milliləşdiriləcəyini bəyan edib.
ERAmedia erməni mətbuatına istinadla xəbər verir ki, Baş nazir bu barədə rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının seçkiqabağı kampaniyası çərçivəsində Lori vilayətinin Şnoğ şəhərindəki çıxışında bildirib.
Müəssisənin milliləşdirilməsi prosesinə başlanıldığını deyən Paşinyan “Tsarukyanın biznesinin onurğa sütunu olan “Araratsement” QSC-nin Ermənistan Respublikasının dövlət mülkiyyətinə keçəcəyini, işçilərin Tsarukyan və onun kürəkəni, Kotayk vilayətinin keçmiş qubernatoru Karapet Quloyanın göstərişlərini yerinə yetirməsinə ehtiyac qalmayacağını, onların işəgötürəni Ermənistan Respublikası olacağını bəyan edib”.
Baş nazir hökumətin artıq prokurorluqdan həmin əmlakın dövlət mülkiyyətinə keçməli olduğu barədə məktub aldığını, bu kontekstdə digər Ermənistan şirkətlərinə, o cümlədən Zəngəzur Mis-Molibden Kombinatına qarşı gedən prosesləri də xatırladaraq həm də “Çiçəklənən Ermənistan” partiyası liderinin xarici ölkəyə casusluqda ittiham edilməsi ilə bağlı deyilənə münasibətini şərh edib: ”Tsarukyan mən o səviyyəyə enmirəm”- deyir, problem ondadır ki, o, həqiqətən də aşağı enə bilmir, çünki onun səviyyəsi o qədər aşağıdır ki, enməyə yer yoxdur… Aşağı enmək üçün yerin altına girmək lazımdır, yəni yer üzündə görünməmək lazımdır, çünki sənin səviyyən plintusdan da aşağıdır”- deyə, vurğulayıb.
Ural Dəyirmançı









