Sasanilər dövründə Azərbaycan adı rəsmi möhür və sənədlərdə
Sasanilər dövrünə aid yeni arxeoloji tapıntı Azərbaycanın həmin imperiya daxilində mühüm inzibati və maliyyə mərkəzi olduğunu bir daha təsdiqləyir. Söhbət rəsmi sənədlərin və bağlamaların möhürlənməsi üçün istifadə olunan “bulla” adlı gil möhürdən gedir.
Tapıntının üzərində pəhləvi dilində “Dariuš ī Ādurbādagān āmārgar” ifadəsi yazılıb ki, bu da “Azərbaycanın vergi yığıcısı Dariuş” kimi tərcümə olunur. Pəhləvi dilində “āmārgar” sözü vergi yığıcısı və ya xəzinədar mənasını verir.
Mütəxəssislərin fikrincə, möhürdə həmçinin Sasani dövrü rəsmi möhürləri üçün xarakterik olan dini və dövlətə sədaqət ifadələri də yer alıb. Mənbələrdə bu tip möhürlərdə “Güvəncim Tanrıyadır” və “Ədalət” kimi qısa formullardan istifadə edildiyi qeyd olunur. Bu səbəbdən bəzi tədqiqatçılar möhürdəki mətnin “Dariuş, Azərbaycanın vergi yığıcısı, Tanrıya güvənir” şəklində oxunduğunu bildirirlər.
Araşdırmalara görə, həmin titul Dərbənddə aşkar edilmiş Sasani dövrünə aid pəhləvi kitabələrində də qeyd olunub. Xüsusilə 29 nömrəli kitabədə Dariuş adlı şəxsin Azərbaycanın vergi yığıcısı olduğu göstərilir. Mənbələr Dərbənd istehkamlarının maliyyələşdirilməsinin birbaşa Azərbaycan maliyyə idarəsi tərəfindən həyata keçirildiyini də təsdiqləyir.
Tədqiqatlarda Azərbaycanın Sasani imperiyasında hərbi-strateji və ideoloji mərkəzlərdən biri olduğu vurğulanır. Regionda yerləşən Azərgüşnasp məbədi imperiyanın əsas dini ocaqlarından hesab olunurdu. “Zand-i Vahman Yasn” və “Bundahişn” mətnlərində “Azərgüşnasp atəşi Azərbaycan torpağında taxtındadır” ifadəsi yer alır.
Tarixi mənbələrə görə, “Atropatena” adı zamanla pəhləvi dilində “Ādurbādagān” formasını alıb. Xosrov Ənuşirvanın hakimiyyəti dövründə imperiyanın 4 böyük hərbi-inzibati bölgəyə bölünməsi zamanı bu ərazilərdən biri rəsmi şəkildə “Kust-ī Ādurbādagān” — yəni “Azərbaycan canişinliyi” adlandırılıb.
İndiki İraq-İran sərhədi yaxınlığındakı Süleymaniyə bölgəsində tapılan kitabələrdə də Azərbaycan satrapının adı və onun imperiyadakı yüksək diplomatik statusu ayrıca qeyd edilir.
Tarixi sənədlərdə “Azərbaycan” adına beynəlxalq müqavilələrdə də rast gəlinir. Tədqiqatçılar bildirirlər ki, Sasani-Bizans münasibətlərinə aid diplomatik yazışmalarda ilkin dövrlərdə “Atropatene” formasından istifadə olunsa da, VI əsrin ortalarından etibarən “Adorbadigan” və “Adurbagan” variantları yayılmağa başlayıb.
Numizmatik materiallar da bu faktları təsdiqləyir. Azərbaycan vilayətində fəaliyyət göstərən zərbxanalarda kəsilən sikkələrin üzərində pəhləvi qrafikası ilə “ĀD” və ya “ĀTUR” abbreviaturaları həkk olunurdu. Tədqiqatçılar bunu bölgənin Sasani dövlətinin maliyyə sistemində xüsusi yer tutmasının göstəricisi hesab edirlər.
Mütəxəssislər hesab edir ki, bu mənbələr “Azərbaycan” adının Sasani imperiyasının rəsmi inzibati, maliyyə və hərbi sənədlərində geniş şəkildə istifadə olunduğunu göstərir.
Zaur Əliyev










