BMT TŞ-sı İranla bağlı qətnamə qəbul edə bilər
ABŞ İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nüvə obyektlərinə girişinə mane olması ilə bağlı BMT Təhlükəsizlik Şurasına (TŞ) qətnamə təqdim etməyə hazırlaşır.
ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qətnamə layihəsində İrandan nüvə proqramı ilə bağlı “pozuntuları dərhal aradan qaldırmaq” və nüvə materiallarının dinc məqsədlərdən kənar istifadəsinin qarşısını almaq üçün BAEA müfəttişlərinin ölkəyə girişinə icazə vermək tələb olunur.
Məsələnin BAEA İdarə Heyətinin sentyabrın 11-dək davam edəcək Vyana iclasında gündəmə gətiriləcəyi gözlənilir. Agentliyin baş direktoru Rafael Qrossi müfəttişlərin hazırda İranın nüvə obyektlərinə çıxış əldə edə bilmədiklərini bildirib.
Tehran isə hərbi zərbələr davam etdiyi bir vaxtda yoxlamaların bərpası tələbinin “mənasız” olduğunu açıqlayıb. İranın BMT missiyası BAEA-ni əvvəlcə ABŞ və İsraili nüvə obyektlərinə hücumları dayandırmağa çağırmağa səsləyib.
“Bloomberg”in məlumatına görə, Rusiya və Çinin ABŞ-nin təşəbbüsünü dəstəkləməsi ehtimalı azdır.










