Böyük Britaniyada yeniyetməyə ürək implantı yerləşdirilib
Böyük Britaniyada 14 yaşlı qıza ürəkdəki dəliyi bağlamaq üçün zamanla orqanizmdə tədricən həll olan implant yerləşdirilib.
ERAmedia “The Independent”ə istinadla xəbər verir ki, Uorrinqton şəhərindən olan Lilli Yeylə ürəyin iki yuxarı kamerasını ayıran divarda dəliklə xarakterizə olunan qulaqcıqlararası çəpər defektinin müalicəsi üçün “Memosorb” adlı cihaz implantasiya edilib. Əvvəllər yeniyetməyə ürəyində daimi qalacaq metal implantın yerləşdirilməsi nəzərdə tutulurdu. Bunun isə onun gələcəkdə peşəkar reqbiçi olmaq arzusuna mane ola biləcəyi ehtimal edilirdi. Bioloji parçalana bilən yeni implant isə müvəqqəti dayaq rolunu oynayaraq ürək toxumasının zamanla özünü bərpa etməsinə imkan verəcək. Cihaz qarşıdakı aylar və illər ərzində tədricən sovrulacaq və nəticədə orqanizmdə heç bir iz qoymayacaq.
Əməliyyat Liverpul şəhərindəki “Alder Hey Children’s NHS Foundation Trust” xəstəxanasının mütəxəssisləri tərəfindən həyata keçirilib. Xəstəxana “Memosorb” cihazının Lillinin müalicəsində istifadəsi üçün Böyük Britaniyanın dərman vasitələri və tibbi məhsullar üzrə tənzimləyici qurumundan xüsusi icazə alıb.










