media-thumbs_b_c_e343982da627ac180aac1c054a70fa72

Çində ali məktəblərə iyunun 7-dən başlayan qəbul imtahanlarında (“gaokao”) 12,9 milyon abituriyent iştirak edir.

ERAmedia Çinin Təhsil Nazirliyinə istinadla xəbər verir ki, imtahan müxtəlif ixtisas qrupları üzrə iyunun 7-dən 10-dək keçirilir. Abituriyentlər ümumrespublika imtahanında 3 əsas fəndən – Çin dili, riyaziyyat və xarici dildən başqa, seçdikləri ixtisasa uyğun olaraq ideologiya və siyasət, tarix, coğrafiya, fizika, kimya və biologiya fənlərindən də imtahan verməlidirlər. İmtahanın təşkili üçün ölkə üzrə yüzlərlə məkan ayrılıb, milyondan çox nəzarətçi imtahanlara cəlb olunub.

İmtahanların keçirilməsi üçün 7 min 981 bina, təxminən 348 min otaq yarılıb.

Qeyd edək ki, “Gaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Çində ümumrespublika vahid qəbul imtahanının tətbiqinə 1952-ci ildə başlanılsa da, təlatümlü “mədəni inqilab” dövründə dayandırılıb. Bu da öz növbəsində ölkədə təhsilin səviyyəsinin aşağı düşməsinə və kadr çatışmazlığına səbəb olub. Çin lideri Den Siaopin 1977-ci ildə “Gaokao” sistemini bərpa edib. Bu sistem Çində islahatların aparılması üçün tələb olunan kadr təminatını ödəyib. O vaxtdan bəri ümumilikdə 200 milyondan çox gənc “Gaokao”da iştirak edib.

Çində abituriyent sayının çox olması ali məktəblərə qəbul prosesində böyük müsabiqə yaradır. Elə bu səbəbdən “Gaokao” abituriyentlərlə yanaşı, onların ailə üzvləri, müəllimləri üçün də sanki bir sınaqdır.


media-adspc

Bənzər xəbərlər