Deputat “Labirint” povestindən danışdı: “İnsan özündən qaça bilmir”
Milli Məclisin deputatı Fazil Mustafa çağdaş Azərbaycan ədəbiyyatında milli yaddaş, etnoyaddaş və mənəvi dəyərlərin qorunması məsələlərinin xüsusi əhəmiyyət daşıdığını bildirib.
ERAmedia xəbər verir ki, Fazil Mustafa yazıçı İmamverdi İsmayılov yaradıcılığını dəyərləndirərkən bildirib ki, müəllifi yalnız yazdığı əsərlərlə deyil, həm də düşüncə tərzi, dünyaya baxışı və milli yaddaşa münasibəti ilə qiymətləndirmək lazımdır. Deputatın sözlərinə görə, İmamverdi İsmayılov mütaliəyə ciddi zaman ayıran, milli-mənəvi irsə və yeni çağırışlara yaxşı bələd olan qələm adamlarındandır.
Fazil Mustafa qeyd edib ki, yazıçının əsərlərində süjetdən daha çox geniş dünyagörüşünün formalaşdırdığı düşüncə qatları diqqəti cəlb edir. O vurğulayıb ki, müəllifin dili süni bədii effektlər üzərində qurulmur, əksinə, xalq yaddaşı, kənd həyatının təbii axarı, folklor düşüncəsi və qədim etnoqrafik qatların ruhu bu mətnlərdə yaşayır.
Deputat xüsusilə “Labirint” povestinə toxunaraq bildirib ki, əsərdə sadəcə bir insan taleyi və ya ölüm faktı deyil, insanın öz iç dünyasında itməsi, vicdanla yaddaşın toqquşması və həyatın görünən-görünməyən qatları arasında dolaşması kimi fəlsəfi məqamlar ön plana çıxır.
“Bu əsərdə insanın özündən qaça bilməməsi əsas fəlsəfi xəttə çevrilir. Müasir dövrdə texnologiyanın, informasiya gurultusunun və siyasi gündəmin içində insanın özü ilə münasibəti ən böyük problemlərdən biridir. İmamverdi İsmayılov bu məqamları sakit və dərin psixoloji müşahidələrlə təqdim edə bilir”, – deyə Fazil Mustafa əlavə edib.
Millət vəkili yazıçının yaradıcılığında etnoyaddaşın xüsusi yer tutduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu yanaşma keçmişə romantik nostalji deyil, milli kimliyin qorunması məsələsi kimi ortaya çıxır.
Fazil Mustafa hesab edir ki, bugünkü Azərbaycan ədəbiyyatında çox yazan müəlliflər olsa da, az sayda yazar oxucunu düşündürərək onu öz daxilinə qaytara bilir:
“İmamverdi İsmayılovun fərqi ondadır ki, o, oxucunu sadəcə hadisə ilə qarşılaşdırmır, onu öz vicdanı, yaddaşı və mənəvi labirinti ilə üz-üzə qoyur. Həqiqi ədəbiyyatın əsas missiyası da məhz budur”.
Vüsalə









