Deputat: Zəngəzur dəhlizi regionun iqtisadi imkanlarını artıracaq
Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin bərpası regionda sülh prosesinin mühüm nəticələrindən birinə çevrilir.
Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəələrin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, eləcə də iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürüdür.
Deputatın sözlərinə görə, Azərbaycan sülh gündəliyinə sadiq qalaraq Ermənistana enerji məhsullarının ixracını həyata keçirir və eyni zamanda bu ölkəyə yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu addımlar Azərbaycanın regionda sülh prosesinə verdiyi töhfəni və dəstəyini bir daha təsdiqləyir.
Vüqar Bayramov qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında ticarət dövriyyəsi artıq 18 milyon dolları ötüb. Onun sözlərinə görə, cari ilin ilk 7 ayında iki ölkə arasında 17,4 milyon dollarlıq ticarət qeydə alınıb.
“Apardığımız qiymətləndirmələr göstərir ki, Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə bütövlükdə idxal-ixrac əməliyyatlarının qurulması mümkündür. Bu isə onu göstərir ki, iqtisadi əlaqələr tam bərpa olunduqdan sonra iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara çata bilər”, – deputat vurğulayıb.
Deputatın fikrincə, söhbət yalnız mövcud ticarət göstəricilərinin artırılmasından deyil, həm də iki ölkə arasında davamlı iqtisadi əlaqələrin formalaşdırılmasından gedir. İqtisadi münasibətlərin genişlənməsi qarşılıqlı maraqların artmasına və sülh prosesinin praktiki nəticələrinin daha da güclənməsinə şərait yarada bilər.
Vüqar Bayramov Zəngəzur dəhlizinin istifadəyə verilməsinin də regionun iqtisadi potensialına ciddi təsir göstərəcəyini bildirib. Onun sözlərinə görə, dəhlizin fəaliyyətə başlaması region üzərindən daha çox yükün daşınmasına və region ölkələrinin tranzit imkanlarından daha geniş şəkildə faydalanmasına imkan yaradacaq.
“Beynəlxalq yükdaşımaların artması ölkələrin tranzit gəlirlərinin yüksəlməsinə imkan verə bilər. Bu baxımdan Zəngəzur dəhlizinin açılması həm dayanıqlı sülhün möhkəmləndirilməsi, həm də regionun iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır”, – Vüqar Bayramov əlavə edib.
Vüsalə









