Əfqanıstanda “Taliban” dönəmi: Beş ildən sonra mənzərə necədir?
“Taliban” hərəkatının Əfqanıstanda yenidən hakimiyyətə gəlməsinin 5 ili tamam olub.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, ABŞ qüvvələri “Əl-Qaidə” terror təşkilatı ilə mübarizə adı altında Əfqanıstana müdaxilə etdikdən sonra qısa müddətdə “Taliban” üzərində qələbə qazanıb. Onun sözlərinə görə, ABŞ hərbçilərinin “Taliban”a qarşı müxalif mövqedə olan Şimal Koalisiyası ilə birgə başlatdığı əməliyyat paytaxt Kabilin ələ keçirilməsi ilə nəticələnib.
Siyasi şərhçi qeyd edib ki, sonrakı mərhələdə ABŞ hərbçiləri Əfqanıstanın digər şəhərlərini də “Taliban”ın nəzarətindən çıxarıblar. Həmin dövrdə “Taliban”ın yenidən güclənə bilməyəcəyi düşünülürdü. Lakin hərəkat partizan müharibəsinə keçərək fəaliyyətini davam etdirib.
Elxan Şahinoğlunun fikrincə, ABŞ prezidentləri Barak Obama və daha sonra Co Bayden Əfqanıstandakı amerikalı hərbçilərin sayının azaldılması istiqamətində qərarlar qəbul etdilər. Nəhayət, 2021-ci ilin avqustunda ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması ilə “Taliban” yenidən Kabilə nəzarəti ələ keçirdi.
Çin “Taliban”la əməkdaşlığa başladı
Elxan Şahinoğlu bildirib ki, hakimiyyətə qayıtdıqdan sonra “Taliban” müxtəlif dövlətlərlə əməkdaşlıq qurmağa çalışıb. Lakin bir çox ölkə “Taliban”ı terrorçu qruplaşma kimi qiymətləndirdiyindən, Kabildəki rejimlə diplomatik münasibətlərin qurulmasına maraq göstərən dövlətlərin sayı məhdud olub.
Onun sözlərinə görə, Çin bu istiqamətdə ilk addım atan ölkələrdən biri olub və Pekin “Taliban”la əməkdaşlığa başlayaraq diplomatik əlaqələr qurub.
“Çinin “Taliban”la əməkdaşlığında iki əsas məqsəd var. Birincisi, Pekin Əfqanıstanın zəngin yeraltı resurslarından istifadə etmək istəyir. İkincisi isə Əfqanıstan ərazisində fəaliyyət göstərən silahlı uyğur qruplarını Çin üçün təhlükə hesab edir”, – deyə siyasi şərhçi vurğulayıb.
Elxan Şahinoğlu qeyd edib ki, Pekin “Taliban”la əməkdaşlıq və Əfqanıstana investisiyalar qarşılığında silahlı uyğurların Çin sərhədindən uzaq tutulmasını tələb edib. “Taliban” isə bu şərti qəbul edərək həmin qrupların Çinə qarşı təhlükə yaratmasının qarşısını almağa çalışıb.
Pakistanla münasibətlər niyə gərgindir?
Siyasi şərhçinin sözlərinə görə, Əfqanıstanın dağlıq relyefi və ölkədə müxtəlif milli qrupların yaşaması “Taliban”ın bütün ərazilərə tam nəzarət etməsini çətinləşdirir. Bu amil həm də Pakistanla münasibətlərin gərginləşməsinin əsas səbəblərindən biridir.
“Vaxtilə “Taliban”ın yaranmasında və güclənməsində Pakistanın əhəmiyyətli rolu olub. Ancaq “Taliban” Əfqanıstanda əsas gücə çevrildikdən sonra iki ölkə arasında münasibətlər pisləşib. Çünki Əfqanıstan ərazisində Pakistana qarşı fəaliyyət göstərən silahlı qruplar mövcuddur və “Taliban” həmin qruplara tam nəzarət edə bilmir”, – deyə Elxan Şahinoğlu bildirib.
O əlavə edib ki, həmin qrupların Pakistan ərazisinə hücumlarından sonra Pakistan ordusu Əfqanıstandakı hədəflərə zərbələr endirir. Buna cavab olaraq “Taliban” da Pakistan ərazisinə qarşı hücumlar həyata keçirir. Nəticədə qarşıdurmalar zamanı hər iki tərəfdən mülki əhali arasında itkilərin sayı artır.
Vaşinqtonla yaxınlaşma hələ mümkün deyil
Elxan Şahinoğlu qeyd edib ki, “Taliban” ABŞ-la diplomatik əlaqələr qurmaq və Vaşinqtonun Kabildəki səfirliyinin fəaliyyətini bərpa etməsini istəyir. Lakin ABŞ hələlik buna hazır deyil.
Siyasi şərhçinin sözlərinə görə, “Taliban” ABŞ Prezidenti Donald Trampın nadir torpaq elementlərinə marağını nəzərə alaraq Əfqanıstanda birgə istehsal müəssisələrinin yaradılmasını da təklif edib. Ancaq Vaşinqtonun bu təklifə müsbət yanaşdığı görünmür.
“Tramp başqa ölkələrdə iqtisadi gəlir əldə etməyə çalışsa da, bunu “Taliban”la əməkdaşlıq çərçivəsində etməyə hazır deyil”, – deyə Elxan Şahinoğlu bildirib.
“Taliban”ın qadağaları xarici sərmayələrə mane olur
Siyasi şərhçi xatırladıb ki, Türkiyə də vaxtilə Əfqanıstana investisiya yatırmağa, o cümlədən Kabil hava limanının fəaliyyətinin bərpasında iştirak etməyə hazır olduğunu açıqlamışdı. Lakin bu plan reallaşmayıb.
Elxan Şahinoğlunun sözlərinə görə, “Taliban”ın Əfqanıstanda tətbiq etdiyi bir sıra qadağalar bir çox ölkəni bu hakimiyyətlə genişmiqyaslı əməkdaşlıqdan çəkindirir.
O bildirib ki, xüsusilə qadın və qızların təhsilinə qoyulan məhdudiyyətlər beynəlxalq ictimaiyyətin “Taliban”a münasibətinə ciddi təsir göstərir. “Taliban”ın qadağaları nəticəsində Əfqanıstanda milyonlarla qız orta və ali təhsil imkanlarından məhrum olub.
Siyasi şərhçi hesab edir ki, “Taliban”ın hakimiyyətinin beşinci ilində əsas problem hərəkatın ölkə daxilində nəzarəti qoruyub saxlaması ilə yanaşı, beynəlxalq legitimlik və iqtisadi əməkdaşlıq məsələlərində ciddi məhdudiyyətlərlə üzləşməsidir.
Əli Fərhad










