Elm və texnologiyaların inkişafı TDT-nin gələcəyi üçün prioritet vəzifədir - Bahçeli
Türk Dövlətləri Təşkilatının (TDT) gələcək inkişafı üçün elmə və texnologiyaya diqqət yetirmək vacibdir. XXI əsrdə Türk dünyasının çiçəklənməsi, onun xalqlarının rifahının inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəldilməsi də effektiv tədqiqat və inkişaf (AR-GE) strategiyasının hazırlanması və həyata keçirilməsindən asılıdır.
ERAmedia xəbər verir ki, bu fikri Türkiyənin aparıcı siyasi qüvvələrindən biri olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli bildirib.
O, avqustun 2-də “TürkGün” qəzetinə verdiyi müsahibədə qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Türkiyədə elm və texnologiya sahələrində son dövrlərdə əldə edilən irəliləyişlərə baxmayaraq, türk dövlətlərinin tədqiqat bazası hələ də inkişaf etmiş ölkələrdən xeyli geridə qalır.
Partiya sədri Türk dünyasında AR-GE mərkəzlərinin sürətli stimullaşdırılması üçün Fəaliyyət Planını dəstəkləməyin zəruri olduğu qənaətindədir.
“İnkişaf etmiş ölkələrin elmi tədqiqat bazasını öyrənməli, konkret təkliflər hazırlamalı, AR-GE mərkəzləri üçün yeni modellər müəyyən etməli və ya mövcud olanları tamamlamalıyıq. Bu, TDT-nin üzv ölkələrində və bütövlükdə Türk dünyasında müasir elmin və yüksək texnologiyaların inkişafını sürətləndirəcək. TDT ölkələrinin uzunmüddətli inkişafı yalnız bu cür addımlar vasitəsilə mümkündür”, – deyə MHP lideri bildirib.










