Ermənistanda seçki: Moskva, Brüssel və Vaşinqtonun maraqları toqquşur
Ermənistan seçkiləri regiondakı güc balansı baxımından ciddi geosiyasi nəticələr doğura biləcək mərhələyə çevrilib.
ERAmedia xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı prosesin artıq təkcə Ermənistanın daxili siyasi mübarizəsi deyil, eyni zamanda Rusiya, Avropa İttifaqı və ABŞ arasında təsir dairələrinin bölüşdürülməsi uğrunda rəqabətin mərkəzi olduğunu bildirib.
Nərimanlının fikrincə, müxalifət düşərgəsində Rusiyanın, hakimiyyət cəbhəsində isə Avropa İttifaqı və ABŞ-ın daha aktiv görünməsi seçkilərin geosiyasi mahiyyətini daha da kəskinləşdirir. Onun sözlərinə görə, Ukrayna müharibəsi fonunda Moskva Vaşinqtonla birbaşa qarşıdurmadan yayınmağa çalışaraq əsas rəqib kimi Brüsseli hədəfə alır.
Siyasi şərhçi qeyd edir ki, Avropa İttifaqı üçün Ermənistan seçkilərində mümkün “qələbə” bir neçə strateji məqsəd daşıyır. Bunlara Gürcüstanda təsirin zəifləməsindən sonra Cənubi Qafqazda yeni dayaq nöqtəsi qazanmaq, Avrasiyanın nəqliyyat şəbəkəsi olan Orta dəhlizdə mövqeləri qorumaq və qlobal güc mərkəzi iddiasını davam etdirmək daxildir.
Asif Nərimanlının təhlilinə görə, ABŞ da seçki prosesinə əsasən TRIPP və Zəngəzur dəhlizi kimi Cənubi Qafqaz layihələrinin davamlılığı prizmasından yanaşır və həm Moskva, həm də Brüssel ilə paralel rəqabət aparır. Hazırda Vaşinqton və Aİ-nin Paşinyan hökuməti üzərində müəyyən uzlaşmasının müşahidə olunduğu bildirilsə də, seçkilərdən sonra İrəvanda təsir uğrunda yeni rəqabət mərhələsinin başlayacağı ehtimal edilir.
Rusiya isə seçkiləri regiondakı mövqeləri baxımından həlledici mərhələ kimi qiymətləndirir. Nərimanlının sözlərinə görə, Moskvanın əsas hədəfi ya Paşinyan hakimiyyətinin dəyişdirilməsi, ya da ən azı müxalifətin parlamentdə gücləndirilməsi və hökumətin təkpartiyalı idarəçiliyinin qarşısının alınmasıdır.
Təhlildə qeyd olunur ki, Paşinyanın tam qələbəsi Ermənistanın Azərbaycanla sülh sazişinə daha da yaxınlaşması, Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarlarına inteqrasiya imkanlarının genişlənməsi demək ola bilər. Bu ssenari reallaşarsa, Ermənistanın Rusiyadan iqtisadi asılılığının azalması və Moskvanın regiondakı əsas rıçaqlarını itirməsi ehtimalı artır.
Asif Nərimanlı bildirir ki, belə bir inkişaf Rusiyanın Ermənistandakı hərbi mövcudluğu – xüsusilə 102-ci hərbi bazanın gələcəyi ilə bağlı müzakirələri də gündəmə gətirə bilər. Bu isə Moskva üçün təkcə Ermənistanda deyil, bütövlükdə Cənubi Qafqazda strateji mövqelərin zəifləməsi anlamına gələ bilər.
Şərhə görə, geosiyasi rəqabətin kəskinləşməsi nəticəsində seçkilərin nəticələrinin qəbul edilməməsi və mümkün siyasi gərginlik riski də istisna edilmir.
Əli Fərhad









