Etimadın Bərpası və Dövlət Kommunikasiya Strategiyası
Etimad itəndə, qərarlar donur. Qanunlar qalır, vəzifələr qalır, amma enerji itir.
Bir dövlətin iqtisadi gələcəyi onun resurslarından çox, vətəndaşın içindəki inamın miqdarıyla ölçülür.
Etimad, sanki görünməz bir kapitaldır: nə neft kimidir çıxarılır, nə də büdcə kimi bölünür – o, davranışdan, səmimiyyətdən və ədalət hissindən yaranır.
Amma bu kapitalı yeyən bir sistem də var – oliqarxiyalaşmış bürokratiya.
O, dövlət aparatının içində səssiz-səssiz kök salır, qərarların enerjisini udur, təşəbbüsləri boğur.
Əgər iqtisadiyyatın ritmi azad bazarın nəfəsiylə ölçülürsə, bürokratiya onun ağciyərlərini sıxan görünməz əldir.
Oliqarxik bürokratiya dövlətlə vətəndaş arasına emosional məsafə qoyur – bu məsafə böyüdükcə etimad da kiçilir.
Dövlətin kommunikasiya strategiyası məhz bu məsafəni qısaltmaq üçün yaranmalıdır.
İctimai münasibətlər təkcə məlumatlandırmaq deyil, emosional əlaqə yaratmaqdır.
Əgər dövlət yalnız göstəriş verir, amma dinləmir, yalnız tənzimləyir, amma paylaşmırsa – o, artıq danışmır, monoloq qurur.
Vətəndaş isə monoloqa qulaq asmaz; o, yalnız dialoqa inanır.
Etimadın bərpası üçün kommunikasiya “proqram” deyil, mədəniyyət olmalıdır.
O mədəniyyət, vəzifəni imtiyaz yox, məsuliyyət kimi görən, tənqidə düşmən yox, məlumat kimi baxan idarəetmədən doğmalıdır.
Dövlətin üslubu dəyişmədən iqtisadiyyat da dəyişmir. Çünki kapitalın ən sadiq tərəfdaşı şəffaflıqdır.
Oliqarxik bürokratiya bu şəffaflığı zəhərləyir:
– qərar qəbulunu qapalı edir,
– təşəbbüsü təhlükə kimi görür,
– informasiyanı silah kimi saxlayır.
Belə mühitdə kommunikasiya yalnız formal olur – reallıq isə sükutla idarə olunur.
Amma sükut iqtisadi inkişafın düşmənidir.
Cəmiyyət, dövlətin səsini yalnız rəqəmlərdə yox, davranışda eşitmək istəyir: necə qərar verir, necə dinləyir, necə reaksiya verir.
Dövlətin kommunikasiya strategiyası, əslində, onun emosional idarəetmə qabiliyyətidir.
Bir ölkə vətəndaşına “Biz sizi eşidirik” dedikdə, bu sadəcə cümlə deyil – bu, iqtisadi siqnaldır.
Çünki etimad bərpa olunanda, risklər azalır, sərmayə hərəkətə gəlir, enerji canlanır.
Azərbaycan üçün bu məsələ sadəcə idarəetmə texnologiyası deyil – milli inkişafın psixoloji əsasıdır.
Əgər etimad bərpa olunarsa, iqtisadiyyat təkcə rəqəmlərlə deyil, emosiyalarla da böyüyəcək.
Çünki iqtisadiyyatın ən səmimi formulu çoxdan məlumdur:
Etimad – Dəyərlərin dövriyyəsi.
Rəşad Əhmədzadə,
iqtisadçı ekspert









