Fitrə zəkatı necə verilməlidir – İlahiyyatçıdan AÇIQLAMA
Ramazan ayı İslam dünyasında mərhəmət, paylaşma və yardımlaşma ayı kimi qəbul olunur. Bu ayda müsəlmanlar yalnız oruc tutmaqla kifayətlənmir, eyni zamanda ehtiyacı olan insanlara yardım etməyə çalışırlar. Ramazan ayının vacib ibadətlərindən biri də fitrə zəkatının verilməsidir. Fitrə zəkatı bayram namazından əvvəl ehtiyacı olan insanlara verilməli olan maliyyə və ya ərzaq yardımını ifadə edir. Bu ibadətin əsas məqsədi cəmiyyətdə sosial bərabərliyi gücləndirmək və kasıb insanların da bayram sevincini yaşamasına şərait yaratmaqdır. İlahiyyatçılar bildirirlər ki, fitrə zəkatı ilə bağlı bəzi məsələlər cəmiyyətdə bəzən yanlış anlaşılır və bu mövzuya düzgün yanaşmaq vacibdir.
ERAmedia-nın məlumatına görə, ilahiyyatçı Tural İrfan fitrə zəkatının necə verilməsi ilə bağlı bildirib ki, dini mənbələrdə arpa, darı, buğda, qarabaşaq, lobya, düyü və xurma kimi məhsulların sadalanması təsadüfi deyil. Onun sözlərinə görə, bu məhsulların qeyd olunmasının səbəbi insanların maddi imkanlarının fərqli olması ilə bağlıdır.
İlahiyyatçı qeyd edir ki, kimin hansı məhsula imkanı çatırsa, fitrəni həmin məhsulun dəyərinə uyğun verməlidir. “Məsələn, arpanın dəyərinə imkanı çatan şəxslər adam başına üç kiloqram arpanın məbləğini versinlər. Düyü və ya xurmaya imkanı çatanlar isə adam başına üç kiloqram düyü və ya xurmanın dəyərində fitrə verməlidirlər”, – deyə o bildirib.
Tural İrfanın sözlərinə görə, bütün insanlar üçün eyni standart məbləğin elan edilməsi İslamın ruhuna uyğun deyil. O vurğulayıb ki, cəmiyyət üzvlərinin sosial vəziyyəti fərqli olduğundan fitrə zəkatı da buna uyğun şəkildə verilməlidir.
İlahiyyatçı hesab edir ki, belə yanaşma İslamın formalaşdırmaq istədiyi sosial nizam və bərabərliyi qoruyur. Onun fikrincə, ədalət hər kəsdən eyni məbləği tələb etmək deyil, insanların imkanlarına uyğun şəkildə yardım etməsini təmin etməkdir.
Eyni zamanda Tural İrfan bildirib ki, sadalanan məhsulların heç birinə maddi imkanı çatmayan şəxslər fitrə vermək məcburiyyətində deyil. Əksinə, belə insanlar fitrə zəkatını alan tərəf olmalıdırlar. İlahiyyatçı vurğulayıb ki, İslam şəriətinin təqdim etdiyi sosial ədalət nizamı məhz bu prinsiplər üzərində qurulub.
Vüsalə









