Fransada yeni prezident yarışı: Qluksmanın Azərbaycan siyasəti necə olacaq?
Avropa Parlamentinin üzvü və mərkəz-sol “Place publique” (“İctimai meydan”) partiyasının həmsədri Rafael Qluksmanın Fransada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlaması ölkənin siyasi gündəmində diqqət çəkən məsələlərdən birinə çevrilib.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli ERAmedia-ya açıqlamasında bildirib ki, prinsip etibarilə Rafael Qluksmanın prezident seçkilərində qalib gəlməsi nəzəri cəhətdən mümkündür, lakin hazırda onun seçkilərdə qələbəsi kifayət qədər uzaq ehtimal hesab oluna bilər.
Onun sözlərinə görə, Qluksmanın namizədliyini elan etməsi onu avtomatik olaraq prezidentliyə namizəd etmir. Qulamhüseyn Əlibəyli qeyd edib ki, Qluksman namizədliyini elan etdikdən sonra Sosialist Partiyası ilə “Place publique”in oktyabrda təşkil edəcəyi ilkin seçkidə iştirak edəcəyini təsdiqləyib.
“İlkin seçkidə Sosialist Partiyasının bir neçə rəsmisi də iştirak edəcəyini bildirib. Fransanın sabiq prezidenti Ollandın da ilkin seçkiyə qatılacağı ehtimalı var. Əgər Olland namizədliyini rəsmiləşdirsə, Qluksmanın qarşısında kifayət qədər ciddi və təcrübəli sosial-demokrat rəqiblə mübarizə aparmalı olacaq. Hətta bu ilkin seçkidən keçsə belə, seçki marafonunda ultrasağ və sağ mərkəzçi namizədlərlə yarışmaq asan olmayacaq”, – deyə sabiq deputat vurğulayıb.
Qulamhüseyn Əlibəyli hesab edir ki, Rafael Qluksman hələ seçkiqabağı platformasının əsas tezislərini açıqlamadığından onun prezident seçiləcəyi təqdirdə hansı siyasəti yürüdəcəyini indidən birmənalı şəkildə müəyyən etmək çətindir. Bununla belə, onun siyasi baxışları və indiyədək fəaliyyəti gələcək siyasəti barədə müəyyən təsəvvür yaradır.
Sabiq deputat xatırladıb ki, Qluksman 2008-2013-cü illərdə Gürcüstan prezidenti Mixeil Saakaşvilinin müşaviri olub. Sonrakı dövrdə isə əsasən jurnalist, rejissor, jurnal redaktoru və siyasi şərhçi kimi fəaliyyət göstərib. Aktiv siyasi fəaliyyətə 2018-ci ildə “Place publique” hərəkatını təsis etməklə başlayıb və 2019-cu ildə Sosialist Partiyasının siyahısı ilə Avropa Parlamentinə seçilib.
“Onun siyasi baxışlarının formalaşması baxımından məhz Avropa Parlamentindəki fəaliyyəti əhəmiyyətlidir. Bu baxımdan Qluksman daha mülayim, müəyyən qədər mərkəzə yaxın solçu siyasətçi kimi görünür. Onu daha dəqiq ifadə ilə sol-mərkəzçi siyasətçi adlandırmaq olar. O, daha çox sosial-demokratik və liberal-demokratik dəyərlərə üstünlük verir. Fransa daxili məsələlərdə Makronun iqtisadi siyasətinə qarşı olsa da, beynəlxalq siyasətdə onun xəttinə yaxın mövqe tutur. Avropa inteqrasiyasının gücləndirilməsini və Avropanın strateji müstəqilliyini dəstəkləyir. Rusiyaya qarşı sərt mövqedən çıxış edir və Ukraynanı güclü şəkildə dəstəkləyir”, – Qulamhüseyn Əlibəyli deyib.
O, Qluksmanın Cənubi Qafqazla bağlı mövqeyinin isə Azərbaycan baxımından xüsusilə diqqətçəkən olduğunu bildirib.
Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Qluksman regionla bağlı məsələlərdə Ermənistanı daim müdafiə etməsi və Azərbaycan hakimiyyətinə qarşı sərt mövqeyi ilə seçilir. Bu səbəbdən onun Azərbaycan siyasi leksikonunda “ermənipərəst” imici qazandığını qeyd edən sabiq deputat bildirib ki, Qluksman Rusiya, Türkiyə və Azərbaycanı müəyyən mənada eyni müstəvidə qiymətləndirir və bu ölkələri Ermənistana qarşı fəaliyyət göstərən avtoritar qüvvələr kimi təqdim edir.
“2020-ci ildən sonra Qluksman Avropa Parlamentində Azərbaycana qarşı bir sıra tədbir və qətnamələrin təşkilatçıları və iştirakçıları sırasında yer alıb. 2022-ci ilin fevralında Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsində ‘Azərbaycanda insan hüquqları pozuntuları və Bakının Aİ-nin siyasətinə müdaxiləsi’ mövzusunda müzakirə keçirilib. Həmin müzakirədə xaricdə fəaliyyət göstərən Azərbaycan müxalifətinin bir neçə nümayəndəsi də iştirak edib. Həmin ilin martında isə ‘Dağlıq Qarabağda mədəni irsin məhv edilməsi haqqında’ qətnamənin təşkilatçılarından biri olub”, – deyə o bildirib.
Sabiq deputat qeyd edib ki, Qluksmanın Azərbaycana qarşı daha sərt çıxışlarından biri 2024-cü ilin fevralında Avropa Parlamentində “Aİ ilə Ermənistan arasında daha sıx əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac” mövzusunda keçirilən debatlar zamanı səslənib.
Onun sözlərinə görə, həmin çıxışda Qluksman Qarabağda ermənilərin “etnik təmizlənməsi”ndən, təhlükənin Ermənistanın azadlığı və suverenliyinə yönəlməsindən danışıb, Azərbaycan hakimiyyətinin Ermənistanın ərazi bütövlüyünü tanımaqdan imtina etdiyini və Ermənistanı hücumla hədələdiyini iddia edib.
Sabiq deputat hesab edir ki, bu mövqelər Qluksmanın gələcəkdə prezident seçiləcəyi təqdirdə Cənubi Qafqaz siyasətinin mümkün istiqamətləri haqqında müəyyən təsəvvür yaradır.
O, eyni zamanda Fransanın dövlət siyasətində Ermənistanla yaxınlaşmanın, Türkiyə və Azərbaycana münasibətdə isə daha sərt və təzyiqyönümlü yanaşmanın yeni olmadığını bildirib.
“Bütün bunları nəzərə alaraq hesab etmək olar ki, Qluksmanın prezident seçkilərində namizəd kimi iştirak etmək və qalib gəlmək ehtimalı nəzəri cəhətdən var, praktiki baxımdan isə bu, mümkündür. Prezident seçiləcəyi halda Fransanın daxili siyasətində, xüsusən iqtisadi siyasətində ciddi dəyişikliklərin baş verəcəyini gözləmək olar. Lakin xarici siyasətdə, o cümlədən Fransanın Cənubi Qafqaz siyasətində əsaslı dəyişikliklərin olacağı ehtimalı azdır. Əksinə, Qluksmanın prezident seçilməsi Azərbaycan üçün müəyyən risklər daşıyır. Siyasi ritorika və diplomatik təzyiq daha da sərtləşə bilər”, – deyə Qulamhüseyn Əlibəyli qeyd edib.
Bununla yanaşı, onun fikrincə, Qluksmanın Rusiyaya qarşı sərt mövqeyi Azərbaycanın geosiyasi əhəmiyyətinin azalmasına deyil, müəyyən mənada artmasına səbəb ola bilər.
“Rusiya ilə qarşıdurmanın davam etdiyi dövrdə Fransa üçün bütövlükdə Cənubi Qafqazın, xüsusən də Azərbaycanın geosiyasi çəkisi azalmaq əvəzinə artır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, Avropaya gedən nəqliyyat-kommunikasiya xətlərinin qovşağında yerləşməsi və geosiyasi çəkisinin getdikcə artması nəzərə alınmalıdır. Ona görə də Qluksmanın prezident seçilməsi halında Fransa-Azərbaycan münasibətlərində müəyyən sərtləşmənin ciddi neqativ nəticələrə gətirib çıxaracağını düşünmürəm”, – Qulamhüseyn Əlibəyli bildirib.
Vüsalə










