media-17879641763626120248_1200x630

Haitidə altı aylıqdan beş yaşadək olan uşaqlar arasında təxminən hər 13 nəfərdən biri kəskin qida çatışmazlığından əziyyət çəkir.

ERAmedia  xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) dərc etdirdiyi qidalanma tədqiqatının ilkin nəticələrində qeyd olunub.

UNICEF-in məlumatına görə, altı aylıqdan beş yaşadək uşaqlar arasında kəskin qida çatışmazlığının yayılması 2023-cü ildəki 5,1 faizdən 2026-cı ildə 7,4 faizə yüksəlib.

Haitidə böhranın miqyası BMT Təhlükəsizlik Şurasının təcili iclasında müzakirə olunub. Baş katibin xüsusi nümayəndəsi Karlos Ruis Massye bildirib ki, avqustun 23-dən 24-nə keçən gecə silahlı dəstələr Port-o-Prens üzərindəki təpələrdə yerləşən Kenskoff kommunasına hücum ediblər. Üç oğlan və iki qız olmaqla azı 47 nəfər həlak olub. Onlarca insan oğurlanıb, bir çoxları yaralanıb və hücum əhalinin yenidən köçkün düşməsinə səbəb olub.

BMT-nin digər rəsmisi İndrika Ratvatte bildirib ki, Haiti həm də təbii fəlakətlərə məruz qalır. Təxminən 1,5 milyon insan – ölkə əhalisinin 12 faizi məcburi köçkündür.

Ratvattenin sözlərinə görə, Haitidə 2,6 milyondan çox uşağın humanitar yardıma ehtiyacı var. Silahlı qruplaşmalar tərəfindən cəlb edilən uşaqların sayı isə UNICEF-in qiymətləndirmələrinə görə, 2025-ci ildə 200 faiz artıb. 1600-dən çox məktəb bağlı qalır ki, bu səbəbdən 240 mindən çox şagird təhsil almaq imkanından məhrumdur.


media-adspc

Bənzər xəbərlər