Hibrid və elektrikli avtomobillər bahalaşır: İdxalçılar isə ilin sonuna qədər maşın gətirə bilməyəcəklərini deyirlər
Xəbər verildiyi kimi, gələn il yanvarın 1-dən hibrid və elektrik mühərrikli avtomobillərin idxalı və satışına tətbiq edilən ƏDV güzəşti bitir. Həmçinin 2026-cı ilin dövlət büdcəsində malların idxalına görə ƏDV gəlirləri 4 milyard 750 milyon manat proqnozlaşdırılır – bu, cari ildəkindən 182 milyon manat çoxdur.
Bu isə o deməkdir ki, yanvarın 1-dən ölkəyə gətirilən hibrid maşınlar və elektromobillər ƏDV-yə cəlb olunacaq.
Şərti olaraq 20 min gömrük dəyəri olan hibrid avtomobil bu il 24 min 200 manat idisə, gələn ildən təxminən 28 min 500 manata qədər bahalaşacaq. Eyni qiymətə olan elektromobil isə gələn il minimum 23 min 700 manata təklif olunacaq.

Qeyd edək ki, hibrid və elektrik mühərrikli avtomobillərin idxalı və satışına tətbiq edilən güzəştlərin ləğv olunması xəbərləri fonunda bazarda qiymətlər minimum 3 min manat artıb. Məsələn, avqust ayında 23 min manata təklif olunan Çin istehsalı olan hibrid avtomobil hazırda müştərilərə 26-27 min manata təklif olunur.
Güzəştlərdən yararlanmaq istəyən vətəndaşlar üçün isə, demək olar ki, vaxt qalmayıb. Avtonəqliyyat Baş Gömrük İdarəsinin Xocəsən şosesindəki məntəqəsində hazırda ajiotaj yaşanır. Hər gün minlərlə avtomobil buradan qeydiyyatdan keçmək üçün növbə gözləyir. Avtomobil idxal edən şəxslər isə maşınların nəzərdə tutulandan gec ölkəyə gətirildiyini deyirlər.
ERAmedia xəbər verir ki, Koreyadan “Mercedes-Benz” markalı avtomobil gətizdirən Şamil Vəliməmmədov Oxu.Az-ın əməkdaşına bildirib ki, maşını Azərbaycana 4 aya gəlib çatıb: “Amma mənə 2 ay demişdilər”.
Çindən hibrid avtomobil gətizdirən Ramazan Cəfərov adlı şəxs isə maşının deyilən vaxtdan 14 gün gec çatdırıldığını dedi: “Mənə demişdilər ki, 45 günə avtomobilimi gətirəcəklər. Ancaq gecikdi”.
Amerikadan avtomobil gətirənlər isə müddətin, hətta 8 aya qədər uzana bildiyini bildirirlər.
Avtomobil satışı ilə məşğul olanların sözlərinə görə, ölkəyə tez avtomobil gətirməyin ən etibarlı yolu özünün sürüb gətirməsidir. Almaniyadan bir həftəyə avtomobili sürüb gətirmək olur.

Çindən avtomobil gətirilməsi ilə məşğul olan şirkətlərin birindən isə bildirdilər ki, ən yaxşı halda dekabrın 20-nə avtomobili ölkəyə çatdıra bilərlər. Amma bunun üçün isə 8 avtomobilin olması şərtdir və pullu yollardan istifadə edilərsə, əlavə 300-400 dollar da artıq alınacaq.
Gömrük məntəqəsində söhbətləşdiyimiz avtomobil idxalçıların sözlərinə görə, hazırda 26-27 min manata satılan Çin istehsalı olan hibrid avtomobili bütün sənədləşdirmələr daxil olmaqla 19 min 500 manata ölkəyə gətirmək olar. Ancaq bu maşınlara istehsalçı şirkət heç bir zəmanət vermir.

Nəqliyyat eksperti Eldəniz Cəfərovunavtomobil sahibi olanlara məsləhəti odur ki, istehsalçı şirkətin zəmanəti olmayan avtomobilləri almaqdan çəkinsinlər:
“Avtomobildə problem olanda sürücülər daha artıq xərc və əlavə vaxt itkisi ilə üzləşirlər. Amma şirkətlərin zəmanət müddəti 3 ildən başlayır…” (Oxu.az)










