media-1789068136_y2eiyx9oaywo83qq8zocsbkma4znahn434ascqzz_1200

İranın dəstəklədiyi Husilər Yəmənin Qırmızı dəniz sahillərində həyata keçirdikləri son hücumlar nəticəsində yeni ərazilərə nəzarəti ələ keçirib.

ERAmedia xəbər verir ki, təşkilatın strateji liman şəhəri Müxanı, eləcə də şəhərin cənubundakı Zubab bölgəsini və ərazidəki hava limanını ələ keçirdiyi bildirilir.

Husilərin gecə saatlarında da irəliləyişlərini davam etdirdiyi, baş verən hadisələrin Yəmənin Qırmızı dəniz sahilindəki qüvvələr nisbətini dəyişdirdiyi qeyd olunur.

Yerli mənbələrin yaydığı məlumata görə, Husilər Yəmənin Qırmızı dəniz sahilində yerləşən ən cənub-qərb nöqtəsi olan Murad yaşayış məntəqəsinə və onun qarşısında yerləşən Meyyun adasına da daxil olub.

Beləliklə, strateji əhəmiyyət daşıyan Babül-Məndəb boğazının tamamilə Husilərin nəzarətinə keçdiyi bildirilir.

Husilər daha əvvəl boğazdan keçən gəmiləri daha uzaq məsafələrdən hədəfə alırdı. Bu ərazinin ələ keçirilməsi ilə Husilərin boğazın ən dar hissəsindəki təxminən 30 kilometrlik dəniz dəhlizinə nəzarət imkanına sahib olduğu bildirilir.

Sahədə fəaliyyət göstərən “Əl-Cəzirə” müxbiri Husilərin Yəmənin Qırmızı dəniz sahilində hökumət qüvvələrinin nəzarətində qalan son ərazilərə də irəlilədiyini və 18 saat davam edən hücumdan sonra Qırmızı dəniz sahil xəttinin tamamında nəzarəti təmin etdiklərini xəbər verib.

Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələrinin daha əvvəl Müxadan geri çəkilməsi səbəbindən cənuba doğru irəliləyən Husilərin çox az müqavimətlə qarşılaşdığı bildirilir. Husilər əvvəlcə Zubabı, daha sonra isə hökumətin nəzarətində qalan son sahil qəsəbəsi Muradı ələ keçirib.

Husilərin dəniz qüvvələri daha sonra sahildən açıq dənizə doğru irəliləyərək Meyyun adasını ələ keçirib və Zukar adasına daxil olub. Adada toqquşmaların davam etdiyi bildirilir.

Sözügedən ərazi Səudiyyə Ərəbistanının dəstəklədiyi administrasiyanın müvəqqəti paytaxtı Ədən şəhərindən təxminən 200 kilometr məsafədə yerləşir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər