İdris Bitlisi və Səfəvilərə qarşı siyasət: Bir məktubun izi ilə
Facebookda dostlarım mənə “İdris-i Bitlisinin 1515-ci ildə Sultan Səlimə göndərdiyi məktubda Diyarbəkirin Qızılbaş türkmənlərdən təmizlənməsi, onların sürgün edilməsi və yerlərinə kürdlərin yerləşdirilməsinin tələb olunması” barədə yazı göndərib münasibət bildirməyimi istəyirlər.
Gəlin bu suala mövzu ilə bağlı ciddi araşdırmalar aparmış alimlərdən biri olan məşhur avstriyalı şərqşünas və tarixçi Joseph von Hammer-Purgstallın “Osmanlı İmperiyası Tarixi” kitabı ilə cavab verək.
Eyni zamanda, ABŞ-nin ən nüfuzlu universitetlərindən biri olan Yale Universitetinin Tarix və Dini Araşdırmalar kafedrasında professor olmuş və Şərq ölkələri tarixi üzrə ixtisaslaşmış alim Roger Savorinin “Osmanlı–Səfəvi Münaqişəsinin Mənşəyi və İnkişafı” kitabını da mənbə kimi əlavə edək.
Bu kitablar Osmanlı–Səfəvi münasibətlərini, xüsusilə də I Sultan Səlim dövrünü araşdırarkən, Qızılbaşların qətliamında və kürdlərin bölgəyə köçürülməsində İdris Bitlisinin rolu ilə bağlı mühüm faktlara toxunur.
Kitablardan məktubla bağlı sitatları təqdim edirəm:
“Səlim, Qızılbaşları lənətləyən və onlara qarşı təqibləri qanuniləşdirən iki nüfuzlu ilahiyyatçının – Həmzə Saru Görəz və Kamal Paşazadənin fətvalarını əsas tutaraq bəyan etdi ki, Şah İsmayılın ardıcıllarının məhv edilməsi hər bir müsəlmanın borcudur”.
Müəllif qeyd edir ki, həmin fətvada “Qızılbaş kişilərinin öldürülməsi, mülklərinin, qadın və uşaqlarının isə ordu arasında bölüşdürülməsi” əmr olunurdu.
Kitablardakı bir cümləyə xüsusilə diqqət yetirin:
“Əsir götürüldükləri təqdirdə onların tövbəsi qəbul edilməməli və hər bir halda öldürülməlidirlər”.
Müəllif Sultan Səlimin Anadoluda çıxardığı qərarı belə təsvir edir:
“Sultanın əmri qəti idi: Qızılbaşlığın kökü tamamilə kəsilməli idi. Beşikdəki uşaqdan tutmuş qocalara qədər bu məzhəbə mənsub olanların canı və malı halal edildi. Çünki dövlətin bütövlüyü bu ‘mərəzin’ tamamilə yox edilməsini tələb edirdi”.
İdris Bitlisi Sultan Səlimə yazdığı məktublarda Qızılbaşların kökünün kəsilməsini, onlara aman verilməməsini tələb edir və bunu dini vəzifə kimi təqdim edirdi.
Osmanlı mənbələrinə – İbn Kamal və İdris Bitlisinin öz yazılarına istinadən qeyd edilir ki, Şah İsmayıla rəğbət bəsləyən və üsyana meyilli hesab edilən 40 min Qızılbaş edam edilmiş, həbs olunmuş və ya sürgünə göndərilmişdi.
Bəs İdris Bitlisi niyə Qızılbaşlara qarşı idi?
Onun atası Şeyx Hüsaməddin uzun illər Ağqoyunlu dövlətinin sarayında böyük hörmət sahibi olmuşdu. İdris özü də gənclik və yetkinlik illərində Ağqoyunlu hökmdarları Yaqub bəy və Əlvənd mirzənin sarayında divan katibi, möhürdar və nişançı kimi yüksək vəzifələrdə çalışmışdı.
Shah Ismail I 1501-ci ildə Ağqoyunlu dövlətinə son qoyub Təbrizə daxil olduqdan sonra İdris Bitlisi Məkkəyə qaçdı, daha sonra isə Səfəvilərə qarşı mövqeyinə görə Osmanlıya sığındı.
Onun düşüncəsinə görə, Qızılbaşlara qarşı savaşmaq xristianlara qarşı cihaddan daha savab sayılırdı. O, radikal məzhəb təəssübkeşliyi ilə yanaşı, Şərqi Anadoluda kürd feodallarının hakimiyyətini qorumaq məqsədilə şiəliyi açıq düşmən elan etmişdi.
Hammer yazır:
“İdris, itirdiyi Ağqoyunlu imtiyazlarını geri qaytarmaq üçün Səfəvilərə qarşı nifrət bəsləyirdi. O, bu nifrətini Osmanlı xidmətində Qızılbaşlara qarşı apardığı mübarizədə açıq şəkildə göstərirdi.”
Hər iki müəllif qeyd edir:
“O, yazdığı məktublarda kəsilmiş başlardan qurulan kəllə qüllələrini həm qorxu vasitəsi, həm də Osmanlı hərbi qüdrətinin və ‘ədalətinin’ təntənəsi kimi təqdim edir. Meydanların qanla dolmasını, qırmızı papaq geyinən Qızılbaşların cəsədlərinin çöllərə səpələnməsini ‘çöllərin qırmızı laləzara çevrilməsi’ kimi təsvir edir.”
Sonda qeyd edim ki, bu gün Yavuz Sultan Səlimə rəhmət oxuyanların tarixi yaddaşında 7 yaşından 70 yaşına qədər minlərlə dinc Azərbaycan türkünün qanı var — bu, tarixi fakt kimi təqdim olunur.
Bəziləri iddia edir ki, Şahqulu üsyanına Şah İsmayıl dəstək verib. Lakin bir sıra mənbələrə görə, Şah İsmayıl üsyan başçılarını edam etdirmişdi. Çünki o, üsyanın Osmanlı ilə münasibətləri daha da pisləşdirəcəyini anlayırdı və bu çıxışın tərəfdarı deyildi.
Şahqulu üsyanı şiələrin deyil, daha çox sufi çevrələrinin üsyanı kimi qiymətləndirilir. Şah İsmayıl isə babası Uzun Həsənin vəsiyyətinə uyğun olaraq Osmanlı türkləri ilə genişmiqyaslı savaş istəmirdi.
Müəllifin fikrincə, İdris Bitlisinin siyasəti nəticəsində təkcə Səfəvi dövləti deyil, ümumilikdə türk və islam dünyası zərər gördü və Anadolu torpaqlarında kürdlərin kütləvi məskunlaşması sürətləndi.
Zaur Əliyev









