media-b00205c5-1f93-4da5-a6b8-2cbf62cf1d11

Bəzən insanın içində iki ayrı ömür yaşayır, biri hamının gördüyü, illərin içindən keçib gəldiyi, səhərləri ilə, qayğıları ilə, məsuliyyətləri ilə davam etdirdiyi ömür… O biri isə heç kimin görmədiyi, heç kimin bilmədiyi, amma insanın qəlbində bütün canlılığı ilə yaşatdığı ömürdür. Bir vaxtlar xəyalımızda qurduğumuz, hər detalına qədər sevdiyimiz, bəlkə də gerçəkləşəcəyinə bütün varlığımızla inandığımız o biri həyat…

Bir zamanlar bizim də sabahlara dair böyük təsəvvürlərimiz vardı, həyatı başqa cür düşünürdük. Elə bilirdik, böyüdükcə hər şey öz yerini tapacaq, sevdiklərimiz həmişə yanımızda qalacaq, ürəyimizdən keçənlərin heç olmasa bir qismi gerçəyə çevriləcək. Gələcəyimizi təsəvvür edərkən orada özümüzü daha xoşbəxt, daha az yorğun, daha çox sevilən, daha çox anlaşılmış görürdük. Bəzi üzlər vardı ki, onları ömrümüzün sonuna qədər yanımızda bilirdik, bəzi yollar vardı ki, mütləq gedəcəyimizə inanırdıq, bəzi qapılar vardı ki, bir gün açılacağına şübhəmiz yox idi.

Amma həyat bizim xəyal etdiyimiz kimi böyümədi bizimlə. Bəzən biz dəyişdik, bəzən insanlar, bəzən də zaman öz bildiyini etdi. Bir vaxtlar bütün varlığımızla istədiyimiz şeylərə çatmaq üçün ömrümüzün ən gözəl çağlarını sərf etdik, amma çatanda artıq əvvəlki biz deyildik. Bəzi arzular gecikdi, bəzi görüşlər baş tutmadı, bəzi sevgilər öz ünvanına yetişmədi. Elə insanlar oldu ki, həyatımızda qalacaqlarına inanarkən onların yoxluğuna alışmağı öyrəndik, elə yollar oldu ki, getmək istədiyimiz halda dönüb başqa istiqamətə üz tutduq. Və bəzən bunu öz seçimimizlə etdik. Çünki həyat hər zaman ürəyimizin istədiyini seçmək imkanı vermir insana. Bəzən məsuliyyətlər arzuların önünə keçir, bəzən başqalarının xoşbəxtliyi naminə öz xoşbəxtliyimizi təxirə salırıq, bəzən də itirməmək üçün mübarizə apardığımız şeylərin içində özümüzü itiririk.

Ən qəribəsi də budur ki, insan bəzən yaşamadığı həyatın da xatirəsini çəkir. Halbuki o həyat heç vaxt yaşanmayıb. Nə onun səhərləri olub, nə axşamları, nə birgə içilən qəhvələri, nə də birlikdə susulan anları… Amma insan yenə də onun üçün darıxır. Çünki bəzi xəyallar gerçəkləşməsə də, insanın içində xatirəyə çevriləcək qədər çox yaşanır.

Bəzən düşünürəm, görəsən, vaxtilə xəyal etdiyimiz o insan indi haradadır, hansı küçədən keçir, hansı pəncərədən həyata baxır? Bir vaxtlar olacağımızı düşündüyümüz o insanla indiki özümüz arasında nə qədər məsafə var? Görəsən, o vaxtkı biz indiki həyatımızı görsəydi, özümüzü tanıyardıqmı? Bəlkə də bizə bircə sual verərdi: “Bəs mənim qurduğum xəyalların aqibəti necə oldu?”

Bu sualın cavabı həmişə asan olmur. Çünki insanın bütün arzuları ölmür. Bəziləri sadəcə susur, bəziləri şəklini dəyişir, bəziləri isə heç vaxt dilə gətirilməyən bir həsrətə çevrilir. İllər keçdikcə öyrənirik ki, hər istədiyimizə sahib olmaq mümkün deyil. Amma bununla yanaşı, istəməkdən də vaz keçə bilmirik. Çünki insanı yaşadan yalnız sahib olduqları deyil, bəzən hələ də içində qoruduğu, heç kimin əlindən ala bilmədiyi o kiçik ümidlərdir.

Həyatın bizdən aldıqları qədər bizə verdikləri də var. Bəlkə də bunu etiraf etmək lazımdır. Hər gerçəkləşməyən arzu bir məğlubiyyət deyil. Bəzən getmədiyimiz yol bizi başqa bir fəlakətdən qoruyub, bəzən qovuşmadığımız insanın yoxluğu bizi özümüzə qaytarıb, bəzən də itirdiyimizi sandığımız bir həyatın içində heç fərqinə varmadan başqa bir həyat qurmuşuq. Sadəcə, insanın gözü çox vaxt sahib olduqlarında deyil, əli çatmayanlarda qalır.

Amma bütün bunlara baxmayaraq, içimizdə bir yer var ki, orada zaman keçmir. Orada hələ də arzularına inanan bir gənc yaşayır. Hələ də bəzi qapıların açılacağını gözləyir, bəzi yolların onu gözlədiyinə inanır, hələ də bir gün hər şeyin başqa cür ola biləcəyini düşünür. Bəlkə də insanın ən kövrək tərəfi də elə budur, həyat onu nə qədər dəyişdirsə də, içindəki o xəyalpərəst insandan tamamilə ayrıla bilmir.

İndi anlayıram ki, ömür yalnız yaşadıqlarımızdan ibarət deyil, yaşaya bilmədiklərimiz də bizim ömrümüzün bir parçasıdır. Bəzən ən dərin izləri başımıza gələnlər deyil, heç vaxt başımıza gəlməyənlər buraxır. İnsan bir gün geriyə baxanda yalnız keçdiyi yolları deyil, dönüb getmədiyi yolları da xatırlayır. Və… və bəlkə də ən çox onların qarşısında dayanıb susur.

Hər halda, həyat bizə xəyal etdiyimiz ömrü vermədi deyə, yaşadığımız ömrü də dəyərsiz saymaq olmaz. Çünki bu gün olduğumuz insanın içində həm gerçəkləşən arzularımız, həm də yarımçıq qalan ümidlərimiz var. Biz bir az yaşadıqlarımızıq, bir az da yaşaya bilmədiklərimiz…

Və insanın içindəki ən böyük həsrət bəlkə də budur, bir vaxtlar xəyal etdiyi həyata qovuşmaqdan çox, o həyatı xəyal edən özünə bir daha qovuşa bilməmək…

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər