İran ətrafında yeni gərginlik dalğası: Danışıqlar niyə nəticə vermir?
ABŞ və İran arasında yenidən başlayan hərbi qarşıdurmalar regionda mürəkkəb siyasi mənzərə yaradıb.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlının fikrincə, yaranmış vəziyyət Vaşinqton və Təl-Əviv arasında yekun həll modeli ilə bağlı fikir ayrılıqlarını, eyni zamanda İran daxilindəki ziddiyyətli mövqeləri üzə çıxarır. Onun sözlərinə görə, İran daxilində ABŞ-la uzlaşmanın tərəfdarları olduğu halda, buna qarşı çıxan qüvvələr İsraillə paralel şəkildə prosesə təsir göstərir.
Təhlilçi qeyd edir ki, müzakirə olunan mümkün anlaşma planı nə İsrailə, nə də İran daxilindəki radikal dairələrə sərf edir. ABŞ və İsrail nüvə proqramından imtina, zənginləşdirilmiş uranın ölkədən çıxarılması və İranın proksi qüvvələrdən uzaqlaşması kimi məsələlərdə ortaq mövqedən çıxış etsələr də, Təl-Əviv İran rejimini uzunmüddətli təhlükəsizlik baxımından təhdid hesab edir. Buna görə də İsrail İranla hər hansı kompromisə əsaslanan razılaşmanı qəbul etmək istəmir.
Asif Nərimanlı bildirir ki, İran daxilində bu tələblərin müəyyən güzəştlər müqabilində müzakirəsini mümkün sayan qüvvələr olsa da, SEPAH xüsusilə Hörmüz boğazına nəzarət imkanından imtina etmək niyyətində deyil. Bu isə ABŞ-ın bir tərəfdən İsraillə, digər tərəfdən isə SEPAH amili ilə üz-üzə qalmasına səbəb olur.
Onun qənaətinə görə, hücumların yenidən bərpa olunmasının əsas səbəblərindən biri də məhz tərəflərin mövqelərindəki bu mürəkkəblikdir. Bu prosesdə Hizbullah həm İran daxilindəki razılaşma əleyhdarlarının, həm də İsrailin danışıqlar masasına təzyiq vasitəsinə çevrilib.
Təhlilçi vurğulayır ki, SEPAH Hizbullah məsələsinin də mümkün atəşkəs planına daxil edilməsini tələb etməklə danışıqları çətinləşdirir. Eyni zamanda, İsrail müzakirələrin nəticəsiz qalmasına nail olmaq məqsədilə “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirir.
Asif Nərimanlının sözlərinə görə, ABŞ-ı hərbi əməliyyatları yenidən genişləndirməyə sövq edən helikopter insidenti də İsrailin Beyrut ətrafına endirdiyi zərbələrin və İranın cavab addımlarının məntiqi davamı kimi qiymətləndirilə bilər.
Təhlilçi hesab edir ki, qarşıdurmaların uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı yüksək deyil. Çünki İsrail istisna olmaqla, tərəflərin əksəriyyəti üçün genişmiqyaslı və davamlı müharibə sərfəli görünmür. Onun fikrincə, hərbi zərbələrin yenidən başlamasının əsas məqsədi İranı danışıqlar masasında geri addım atmağa məcbur etməkdir.
Asif Nərimanlı bu kontekstdə Donald Trampın “bu gecə İrana güclü zərbə endirəcəyik və tezliklə Xark adasını ələ keçirəcəyik” məzmunlu açıqlamasına diqqət çəkərək bildirir ki, Xark adasının faktiki olaraq ələ keçirilməsi mümkün görünməsə də, İranın neft ixracı üçün strateji əhəmiyyət daşıyan bu ada ilə bağlı təhdid Tehrana ciddi təzyq vasitəsi kimi istifadə olunur.
Siyasi təhlilçi hesab edir ki, bu cür təzyiqlər İranı yenidən danışıqlara sövq edə bilər. Lakin mövcud şərtlərdə tərəflərin ortaq həll yolu tapması olduqca çətin görünür. Hətta nəzəri olaraq razılaşma əldə olunsa belə, İsrail amili səbəbindən bunun praktik müstəvidə reallaşması imkanları məhdud qalacaq.
Asif Nərimanlının qənaətinə görə, İran ətrafında baş verən proseslər yaxın perspektivdə diplomatik danışıqlar və hərbi zərbələr arasında dəyişən, uzunmüddətli regional gərginlik ocağı olaraq qalacaq.
Vural










