media-155316ermenistan_-_bohran_-_politoloq_reshad_bayramov0564

Ermənistanda keçirilən son parlament seçkilərindən sonra Cənubi Qafqazda sülh gündəliyinin daha da möhkəmlənəcəyi gözlənilsə də, son dövrlər rəsmi İrəvanın prosesi ləngitməsi ilə bağlı müəyyən narahatlıqlar yaranıb.

Milli Məclisin deputatı Vüqar Bayramov ERAmedia-ya açıqlamasında bildirib ki, Ermənistanın sülh prosesində nümayiş etdirdiyi tərəddüdlər regionda dayanıqlı sülhün əldə olunması perspektivləri ilə bağlı suallar yaradır. Onun sözlərinə görə, Nikol Paşinyanın 2031-ci ilə qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq niyyəti ilə bağlı açıqlaması Ermənistanın yaxın perspektivdə sülhün institusional əsaslarının formalaşdırılmasında kifayət qədər qətiyyətli mövqe nümayiş etdirmədiyini göstərir.

Deputat qeyd edib ki, Ermənistanın yeni Konstitusiyasının layihəsinin hələ də geniş ictimaiyyətə təqdim edilməməsi də sülh prosesinin gələcəyi ilə bağlı tərəddüdləri artıran amillərdəndir. Dayanıqlı sülhün əldə olunması üçün tərəflərin siyasi bəyanatlarla yanaşı, konkret və ardıcıl addımlar atması vacibdir.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan beynəlxalq norma və prinsiplərə uyğun olaraq milli maraqlarına əsaslanan sülh siyasətini davam etdirir. Azərbaycan regionda sülh gündəliyinin irəli aparılmasında maraqlıdır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir.

Deputatın sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında iqtisadi əlaqələrin inkişafı da sülh prosesinin praktiki nəticələrini nümayiş etdirir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 18 milyon dolları ötməsi və Azərbaycan ərazisi üzərindən Ermənistana yükdaşımaların davam etməsi Bakının regional əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi təsdiqləyir.

Bununla belə, iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edən Ermənistan hakimiyyətinin digər istiqamətlərdəki mövqeyi suallar doğurur. Revanşist qüvvələrin mövcudluğu və onların siyasi proseslərə təsiri fonunda rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin konkret addımlarla təsdiqlənməsi vacibdir.

Vüqar Bayramov diqqətə çatdırıb ki, regionun iqtisadi gələcəyi baxımından əhəmiyyətli layihələrdən biri olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRİPP) həyata keçirilməsi ilə bağlı da aydınlıq gözlənilir. Layihənin tikintisi üzrə tenderlər və podratçının müəyyənləşdirilməsi barədə məlumatların olmaması onun icra perspektivləri ilə bağlı suallar yaradır.

Deputat hesab edir ki, Ermənistanın sülhün institusional əsaslarının formalaşdırılması istiqamətində tərəddüdləri TRİPP layihəsinin reallaşmasına da mənfi təsir göstərə bilər. Halbuki layihənin həyata keçirilməsi regionda iqtisadi əlaqələrin genişlənməsinə, nəqliyyat imkanlarının artmasına və Ermənistanın yeni iqtisadi dividendlər əldə etməsinə şərait yarada bilər.

Onun fikrincə, belə strateji layihələrin gerçəkləşməsi fundamental siyasi qərarlar və qətiyyətli addımlar tələb edir. Razılaşdırılmış gündəliyin dəyişəcəyinə ümid edərək regionda yeni siyasi şəraitin yaranmasını gözləmək həm TRİPP-in icrasını yubada, həm də sülh prosesinə olan etimadı zəiflədə bilər.

Vüqar Bayramovun qənaətinə görə, Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün siyasi razılaşmaların konkret mexanizmlərlə möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin ardıcıl şəkildə yerinə yetirilməsi mühüm əhəmiyyət daşıyır.

Vüsalə


media-adspc

Bənzər xəbərlər