Kişilik mənəviyyat libasıdır, onu hər kəs daşıya bilməz

- Rəsul Mirhəşimli
Tarix boyu cəmiyyətərdə insanın dəyəri onun var-dövləti, vəzifəsi və ya gücü ilə deyil, daha çox xarakteri və sözünün arxasında durması ilə ölçülüb. Xüsusilə kişi üçün verilən sözə əməl etmək təkcə şəxsi keyfiyyət deyil, həm də mənəvi məsuliyyət hesab olunub. Çünki insanın sözü onun şəxsiyyətinin aynasıdır. Verdiyi sözə sahib çıxan insan etibar qazanır, cəmiyyət içində hörmətlə qarşılanır və ona güvənilir.
Keçmiş dövrlərdə insanlar verdikləri sözə böyük məsuliyyət kimi yanaşırdılar. Bir söz demək bəzən yazılı müqavilədən daha güclü sayılırdı. Sözünü tutmayan insan isə cəmiyyət arasında etibarını itirər, onunla münasibətlər qurmaqdan çəkinilərdi. Çünki insanlar yaxşı bilirdilər ki, etibar bir dəfə sarsıldıqda onu yenidən qazanmaq çox çətindir.
Müasir dövrdə isə bəzən bu dəyərin zəiflədiyini görmək mümkündür. Bəzi insanlar bacarıb-bacarmayacağını düşünmədən müxtəlif vədlər verir, “problem deyil”, “mütləq həll edəcəm”, “mənim öhdəmə burax” kimi sözlər deyirlər. Lakin zaman keçdikcə həmin vədlərin arxasında durmadıqları ortaya çıxır. Bu isə təkcə yalan danışmaq deyil, eyni zamanda insanların ümidləri ilə oynamaq deməkdir. İnsan ümid etdiyi bir şeyin puça çıxdığını gördükdə təkcə işin nəticəsi deyil, həm də qarşı tərəfə olan inamı zədələnir.
İslam əxlaqında da vədə sadiqlik xüsusi vurğulanır. Qurani-Kərimdə belə buyurulur: “Vədlərinizə əməl edin, çünki hər kəs verdiyi vədə görə sorğuya çəkiləcək” (İsra surəsi, 34-cü ayə). Bu ayə insanın hər sözünün məsuliyyət daşıdığını xatırladır. Deməli, verilən vəd təkcə insanlar qarşısında deyil, həm də mənəvi baxımdan böyük bir öhdəlikdir. Əslində, kişilik yalnız fiziki güc və ya zahiri xüsusiyyətlərlə ölçülən bir anlayış deyil. Kişilik ilk növbədə məsuliyyət, dürüstlük və sözə sədaqət deməkdir. Bu isə mənəviyyat müstəvisində daşına biləcək ağır bir yükdür.
Nəticə etibarilə, insanın verdiyi söz onun xarakterinin göstəricisidir. Sözünə sadiq qalan insan cəmiyyət içində etibar qazanır və hörmətlə qarşılanır. Ona görə də vəd verməzdən əvvəl düşünmək, bacara bilməyəcəyimiz işə söz verməmək daha doğru davranışdır.
Etibar daha çox mənəvi göstəricidir, zədələndisə, bərpası mümkün deyil.
İnsanın gerçək dəyəri onun dedikləri ilə etdikləri arasındakı uyğunluqda üzə çıxır. Söz və əməl arasında məsafə artdıqca insanın mənəvi çəkisi də azalır. Həyat isə insanı daha çox danışdığı sözlərlə deyil, həmin sözlərin arxasında necə dayandığı ilə ölçür. Ona görə də düşünülmüş söz, məsuliyyətlə verilmiş vəd və ona sədaqət insanın özünə, vicdanına və yaşadığı cəmiyyətə qarşı ən böyük hörmət formalarından biridir. Belə olduqda söz sadəcə ifadə vasitəsi olmur, insanın mənəvi kimliyini formalaşdıran dəyərə çevrilir.










