Kremlin Ermənistanda xaos planı: Əsas təhlükə haradan gələ bilər?
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanda həbsdə olan eks-prezident Robert Köçəryanı doğum günü münasibətilə təbrik etməsindən bir gün sonra Köçəryanın erməni xalqına müraciəti yayılıb.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, Köçəryanın məktubunda “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” fikrinin səsləndirilməsi faktiki olaraq əhalini seçkilərdə qalib gəlmiş baş nazirə qarşı siyasi mübarizəyə çağırışdır.
Onun sözlərinə görə, Köçəryan üzləşdiyi ağır korrupsiya ittihamları fonunda uzun müddət həbsdə qala biləcəyini anlayır və buna görə də siyasi çağırışlarını sərtləşdirir.
“Elə görünür ki, Putinin doğum günü münasibətilə Köçəryana göndərdiyi təbrik məktubu da eks-prezidentin siyasi ritorikasını sərtləşdirməsinə müəyyən təsir göstərib. Köçəryan artıq açıq şəkildə Paşinyan hakimiyyətinin sona çatdırılmasının vacibliyindən danışır”, – deyə Elxan Şahinoğlu qeyd edib.
Siyasi şərhçi hesab edir ki, Nikol Paşinyan Kremlin təzyiqlərinə baxmayaraq, Rusiyanın Ermənistandakı siyasi təsir imkanlarını məhdudlaşdırmaq xəttindən geri çəkilməyib.
“Elə Putinin Köçəryana davamlı təbrik məktublarından çəkinən Paşinyan olsaydı, eks-prezident həbs olunmazdı. Putin aylar əvvəl medianın gözü qarşısında Paşinyanı Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrə təzyiq göstərməkdən imtina etməyə çağırmışdı. Paşinyan isə bu çağırışı qulaqardına vurdu və Kremlin dəstək verdiyi bir sıra siyasi liderlərin həbsinə gedən yolu seçdi”, – deyə Elxan Şahinoğlu bildirib.
Onun fikrincə, Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi məhdudiyyətlər də İrəvanın siyasətini dəyişməyə məcbur etməyib.
Elxan Şahinoğlu hesab edir ki, radikal siyasi qüvvələrin böyük hissəsinin həbsdə olduğu şəraitdə Kremlin Ermənistanda daxili xaos yaratmaq üçün mümkün alternativ təsir kanallarından biri ordudakı Rusiyaya bağlı çevrələr ola bilər. Onun sözlərinə görə, bu baxımdan Paşinyan hakimiyyətinə qarşı mümkün destabilizasiya cəhdləri diqqətlə izlənilməlidir.
“Paşinyan tələsməli, Azərbaycan və Türkiyə ilə sülh quruculuğu prosesini tamamlamalıdır. Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq əsas amillərdən biri bölgədə davamlı sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir”, – deyə Elxan Şahinoğlu vurğulayıb.
Siyasi şərhçi əlavə edib ki, Bişkəkdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüş və aparılan müzakirələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmalıdır.
Əli Fərhad










