Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verildi

Laçın rayonunun Ağbulaq kəndində doğma yurdun azadlığı uğrunda canlarından keçmiş kənd şəhidlərinin xatirəsini əbədiləşdirən “Xatirə bulağı” istifadəyə verilib.
ERAmedia xəbər verir ki, kənd sakinləri, şəhid ailələri, müharibə iştirakçıları və ziyalıların iştirak etdiyi tədbir Ağbulaq sakinlərinin şəxsi təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib.
Mərasimdə çıxış edənlər Böyük Qayıdış çərçivəsində ata-baba ocaqlarına dönməyin sonsuz sevincini dilə gətiriblər. Qeyd olunub ki, bu gün azad torpaqlarda qürurla yaşamağımız Vətən uğrunda canını fəda edən qəhrəman övladlarımızın sayəsində mümkündür. Natiqlər şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edərək onlara Allahdan rəhmət, qazilərə isə möhkəm cansağlığı diləyiblər.
Çıxışlarda, həmçinin xalqımıza Zəfər sevinci bəxş edən, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlıq ifadə olunub.
Bildirilib ki, xatirə lövhəsində şəkilləri əks olunanlar 1992-ci ildə Laçının işğalı zamanı itkin düşən və taleyi indiyədək məlum olmayan kənd sakinləridir.
Açılış mərasiminin sonunda şəhidlərimizin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.










