Laricaninin ölümünün ŞOK SƏBƏBLƏRİ: İran hakimiyyətində boşluq yarana bilər - ŞƏRH
İranda Əli Laricaninin ölümü hakimiyyət daxilində ciddi rezonans doğura biləcək hadisə kimi qiymətləndirilir. Onun itkisinin teokratik sistem üçün strateji nəticələr doğura biləcəyi ehtimal olunur.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, Laricaninin ölümü Tehran üçün müəyyən mənada vaxtilə baş verən Qasım Süleymaninin öldürülməsi qədər ciddi itki sayıla bilər.
Onun sözlərinə görə, Süleymani birbaşa Əli Xamneyinin təlimatları əsasında İranın “müqavimət oxu” adlandırdığı proksi qüvvələrin idarə edilməsini və coğrafiyasının genişləndirilməsini həyata keçirir, ümumilikdə Yaxın Şərqdə ABŞ və İsrailə qarşı siyasətin əsas memarlarından biri kimi çıxış edirdi.
Təhlilçi bildirir ki, Laricani isə həm ideoloji, həm də xarici siyasət sahəsində mühüm rol oynayan fiqurlardan biri idi. Onları birləşdirən əsas amil Xameneiyə yaxın olmaları və birbaşa onun təlimatları əsasında fəaliyyət göstərmələri idi. Nərimanlının fikrincə, Süleymaninin ölümündən sonra Laricaninin proksi qüvvələrin idarə olunması sahəsində rolu daha da güclənmişdi.
Ekspert qeyd edir ki, Laricaninin rejim daxilində kifayət qədər əleyhdarları da vardı. Xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə münasibətlərində problemlərin olduğu barədə məlumatlar daha əvvəl mediaya sızmışdı. Onun prezidentliyə namizədliyinin qeydə alınmaması və İbrahim Rəisi dövründə siyasi səhnədən müəyyən qədər kənarda qalması da bu daxili qarşıdurmanın nəticəsi kimi qiymətləndirilirdi. Buna baxmayaraq, Nərimanlı vurğulayır ki, Laricani hər zaman ideoloji, siyasi və hərbi qərarların qəbul edildiyi mərkəzi dairələrdə yer alıb.
Təhlilçinin sözlərinə görə, Məsud Pezeşkianın hakimiyyətə gəlməsi ilə Laricani yenidən idarəetmədə aktiv rol oynamağa başlamışdı. Xamneyinin ölümündən sonra isə o, müharibə şəraitində əsas həlledici fiqurlardan birinə çevrilmişdi. Bu vəziyyət onun xüsusilə Çin və Rusiya ilə diplomatik münasibətlərdə, eləcə də Yaxın Şərq siyasətində açar rol oynaması ilə əlaqələndirilirdi və Xamneyinin də belə bir missiyanı məhz ona həvalə etdiyi ehtimal olunur.
Nərimanlı bildirir ki, Laricani praqmatist siyasətçi kimi tanınsa da, post-Xamneyi dövründə gözlənilən yumşaq kursu seçmədi. Əksinə, o, daha sərt siyasi xəttin tərəfdarı kimi çıxış etdi. Təhlilçinin sözlərinə görə, bu xətt bir neçə əsas istiqamətdə özünü göstərirdi:
Müharibənin regional müstəviyə yayılması;
ABŞ və İsraillə danışıqlardan imtina;
Hörmüz boğazının bağlanması və bununla qlobal iqtisadi risklərin artırılması.
Ekspert hesab edir ki, müharibə şəraitində ölkənin idarə edilməsində “kölgə fiqur” kimi qiymətləndirilən Laricani bu siyasəti əsasən Xamneyinin ölümündən əvvəl verdiyi təlimatlar və siyasi xətt çərçivəsində həyata keçirirdi. Onun sözlərinə görə, müharibənin başlanmasından təxminən iki həftə sonra Laricaninin hədəf seçilməsində də məhz radikal mövqeyinin rol oynaması ehtimalı az deyil.
Sonda Nərimanlı vurğulayır ki, Laricaninin ölümü İran rejiminin dərhal dağılması və ya təslim olması demək deyil. Lakin bu hadisə hakimiyyət strukturunda ciddi boşluq yarada və qərarvermə mexanizminə təsir göstərə bilər.









