media-lavrovv

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsindən sonra bu ölkədə baş verən prosesləri diqqətlə izləyirlər.

ERAmedia xəbər verir ki, Lavrov bu barədə RBK-nın sualını cavablandırarkən danışıb.

Lavrov qeyd edib ki, istintaq altında olan daha bir prezident Serj Sarkisyandır. Onun sözlərinə görə, Sarkisyan Köçəryanın prezidentliyi dövründə müdafiə naziri olub, daha sonra isə ölkə prezidenti seçilib.

“Rusiya XİN-in mövqeyi ondan ibarətdir ki, biz erməni xalqının maraqlarından çıxış edirik. Biz görürük ki, erməni xalqının maraqları əsrlər boyu bizim xalqımızın maraqları ilə sıx şəkildə bağlı olub. Uzun, çox uzun dövrlər ərzində biz birlikdə olmuş, bir-birimizlə həmrəy olmuşuq. Rusiya dəfələrlə çətin vəziyyətlərdə erməni xalqına və Ermənistan rəhbərliyinə yardım edib. Təbii ki, bu maraqlar üstünlük təşkil etməlidir”, – deyə Lavrov bildirib.

Rusiya XİN rəhbəri hazırkı Ermənistan hakimiyyətinin isə başqa məqsədlərlə hərəkət etdiyini deyib.

“Hazırda İrəvandakı rəhbərlik başqa vəzifələri rəhbər tutur. Avropa İttifaqına yönəlmə məqsədi bəyan edilib və Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinə başlanması haqqında qanun qəbul olunub”, – Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr may ayında keçirilən sammitdə Ermənistan rəhbərliyinə referendum keçirmək və seçimlərini müəyyənləşdirmək çağırışı ediblər.

“Ermənistan Avropa İttifaqına getmək istəyir, yoxsa Avrasiya İqtisadi İttifaqında qalmaq istəyir? Məncə, bu, tamamilə əsaslandırılmış çağırışdır. Bir təşkilatın normaları digərinin normaları ilə uzlaşmır. Bu barədə dəfələrlə danışılıb”, – deyə Lavrov qeyd edib.

Lavrov Ermənistanın baş naziri Nikol Paşinyanın referendum məsələsi ilə bağlı mövqeyini də tənqid edib. Onun sözlərinə görə, Paşinyan “vaxtı çatanda” qərar verəcəyini bildirib.

“Amma ‘vaxtı çatanda’ nə deməkdir? Əgər sən artıq Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinə başlanması haqqında qanun qəbul etmisənsə, o zaman bu ifadənin mənası nədir?” – Rusiya XİN rəhbəri bildirib.

Lavrov əlavə edib ki, Paşinyan referendum məsələsinin yalnız Avropa İttifaqına müraciət təqdim edildikdən, buna reaksiya alındıqdan və üzvlüklə bağlı “yol xəritəsi” hazırlandıqdan sonra müzakirə ediləcəyini söyləyib.

“Bu, məncə, Ermənistan seçicilərinə və erməni xalqına çox böyük etimadın olmadığını göstərir. Əslində isə dürüst seçim nümayiş etdirilməlidir – insanlar nəyin arasında seçim etdiklərini bilməlidirlər”, – Lavrov deyib.

Rusiya XİN rəhbəri Ermənistanın Avrasiya İqtisadi İttifaqı çərçivəsində əldə etdiyi iqtisadi göstəricilərə də diqqət çəkib. O bildirib ki, son üç ildə Ermənistanın xarici ticarət dövriyyəsi 6 milyard dolları ötüb, ayrı-ayrı illərdə isə bu göstərici 12 milyard dollara çatıb.

Lavrovun sözlərinə görə, Ermənistanın iqtisadi inkişafında Avrasiya İqtisadi İttifaqının mühüm rolu olub.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər