media-2b8c232d-ebfb-4d05-83be-b756e5914d82
media-bant_master

“Məhsəti azərbaycanlı olmayıb, farsdilli, tacik və s.” kimi fikirlər elmi əsası olmayan, sübutu olmayan spekulyasiyalardır. Bunlar bir sıra müasir ədəbiyyatşünasların və iranistlərin möhtərikliyindən başqa bir şey deyil.

Bunu ERAmedia-ya açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər bildirib.

O qeyd edib ki, Firudin Qurbansoyun söylədiyi bu fikirlər ya məqsədli qərəzin, ya populizmin, sensasiya yaratmaq ehtiyacının, ya da sadəcə məlumatsızlığın “alim sözü” kimi təqdim edilməsinin tipik nümunəsidir.

“Bu isə açıq şəkildə elmi etikaya zidd davranışdır. Bir alim məsuliyyətsiz danışanda xalq çaşır, miflər yaranır, ədəbiyyatın və tarixşünaslığın etibarı zədələnir.

Eyni zamanda, onun sözlərinə əsaslanıb bir qrup insanın sosial şəbəkələrdə “Məhsəti əxlaqsız olub” və ya “Azərbaycanlı olmayıb” deməsi, üstəlik heç bir elmi dayağı olmayan bu cümlələri saytların başlığa çıxarıb yayması qeyri-etikdir və böyük məsuliyyətsizlikdir.
Başa düşmək lazımdır ki, müasir millətçilik və milli kimlik anlayışını orta əsrlərə tətbiq etmək mümkün deyil. XII əsrdə “azərbaycanlı” anlayışı indiki formada yox idi. O dövrün bir çox şairi kimi Məhsəti də farsca yazırdı. Məhz əsərlərinin dili onun və onun kimi o dövrdə yaşayıb yaratmış klassik şairlərin dil və etnik kimlik məsələsini mürəkkəbləşdirir”.

A.Nəzər vurğulayıb ki, orta əsrlərdən bizə etibarlı doğum-vətən-soy haqqında arxiv sənədləri qalmayıb:

“Həyat hekayələrini də bu səbəbdən rəvayətlər, dastanlar, sonrakı əsrlərdə yazılmış təzkirələr və şeir topluları üzərindən bərpa etməyə çalışırıq. Onlar isə çox vaxt ziddiyyətli olur və həmin sahəni tədqiq edənlər əldə etdikləri bütün mənbələrə əsaslanıb elmi nəticəyə gəlirlər…

Məhsəti ilə bağlı “gözəl şair”, “bar qadını”, “saray musiqiçisi”, “azad ruhlu qadın” kimi obrazlar isə daha çox poeziya romantikasının və xalq təxəyyülünün məhsulu ola bilər. Yəni, təkrar edirəm, sübutu olmayan boş iddialardır”.

Alimin sözlərinə görə, Məhsəti Gəncəvi XII əsrdə yaşamış, fars dilində rübailər yazmış görkəmli şairdir.

“Bizə çatan mənbələrdə isə doğulduğu və yaşadığı yer Gəncə göstərilir. Deməli, Məhsətinin irsi Azərbaycan üçün, azərbaycanlılar üçün önəmlidir.

Mədəni irsimizə yönələn bu təhriflərin arxasında duranların kim olduğunu hamı bilir. Bir şeyi unutmasınlar ki, mədəni yaddaşımıza ləkə atan özünə ləkə atır”, – deyə o, fikirlərini yekunlaşdırıb.


media-adspc

Bənzər xəbərlər