Mərkəzi Asiyada yeni geosiyasi əməkdaşlıq mərhələsi başlayır
Böyük dövlətlərin Mərkəzi Asiyaya marağının artması fonunda bölgə ölkələrinin xarici siyasətdə seçim imkanları da genişlənir.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, əvvəllər Mərkəzi Asiya əsasən qonşu Rusiya və Çinlə əməkdaşlığa üstünlük verirdisə, hazırda region ölkələri ABŞ, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və digər tərəfdaşlarla “5+1” formatında əlaqələri inkişaf etdirirlər.
Onun sözlərinə görə, bu format çərçivəsində növbəti sammitin sentyabr ayında Cənubi Koreyanın paytaxtı Seulda keçirilməsi planlaşdırılır. Eyni zamanda Mərkəzi Asiya dövlətləri Azərbaycan və Türkiyə ilə inteqrasiya proseslərində fəal iştirak edir, Avrasiya məkanının digər mühüm aktorları ilə də əməkdaşlığı genişləndirirlər. Bu baxımdan Hindistanın regionda artan fəallığı xüsusi diqqət çəkir.
Siyasi şərhçi qeyd edib ki, Özbəkistan Hindistanla strateji tərəfdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. O xatırladıb ki, Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov avqustun 3-də Hindistana səfəri çərçivəsində Prezident Draupadi Murmu ilə görüşüb. Görüşdə ticarət, iqtisadiyyat və siyasət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin mədəni-humanitar əlaqələrin gücləndirilməsi barədə razılıq əldə olunub.
Elxan Şahinoğlu bildirib ki, Hindistan Prezidenti humanitar əməkdaşlığın səviyyəsini göstərən iki mühüm faktı diqqətə çatdırıb. Onun sözlərinə görə, indiyədək Özbəkistandan olan üç mindən çox dövlət qulluqçusu və mütəxəssis Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq proqramlarından yararlanıb, hazırda isə Özbəkistanda 16 mindən çox hindistanlı tələbə təhsil alır.
Şərhçinin sözlərinə görə, Baxtiyor Saidov hindistanlı həmkarı Subrahmanyam Jaişankarla görüşündə də strateji tərəfdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların artırılması və nəqliyyat layihələrinin inkişafı məsələlərini müzakirə edib.
Elxan Şahinoğlu hesab edir ki, səfərin əsas məqsədi ticarət, investisiya, enerji və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığı daha da dərinləşdirməkdir. Onun fikrincə, Hindistan üçün Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla sıx əməkdaşlıq regionda mövqelərinin möhkəmlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Eyni zamanda Özbəkistan da Rusiya və Çinlə yanaşı, Hindistanla əlaqələrin genişləndirilməsini vacib hesab edir.
Siyasi şərhçi xatırladıb ki, Hindistanın Baş naziri Narendra Modi ilə Özbəkistan Prezidenti Şövkət Mirziyoyev 2025-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı çərçivəsində keçirilən görüşdə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılması barədə razılığa gəliblər.
Elxan Şahinoğlunun sözlərinə görə, Hindistan artıq Özbəkistanın ən böyük 10 ticarət tərəfdaşı sırasındadır. O bildirib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 30 faiz artaraq 1,3 milyard dollara çatıb və tərəflər bu göstəricini 2 milyard dollara yüksəltməyi hədəfləyirlər. Hindistan Özbəkistana əsasən əczaçılıq məhsulları, optik avadanlıqlar, mobil telefonlar və dondurulmuş ət ixrac edir, əvəzində meyvə, tərəvəz, gübrə, şirə və sürtkü yağları idxal edir.
Şərhçi vurğulayıb ki, Baxtiyor Saidovun səfəri çərçivəsində Yeni Dehlidə keçirilən biznes forumu da iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edib. Onun sözlərinə görə, hazırda Özbəkistanda Hindistan kapitalı ilə fəaliyyət göstərən 400 şirkət mövcuddur və onların ümumi maliyyə dövriyyəsi təxminən 5 milyard dollar təşkil edir.
Elxan Şahinoğlu bildirib ki, Prezident Şövkət Mirziyoyevin həyata keçirdiyi iqtisadi islahatlar Özbəkistanı xarici investorlar üçün cəlbedici məkana çevirib. Onun sözlərinə görə, iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın təşviqi, investisiya mühitinin yaxşılaşdırılması, logistika imkanlarının genişləndirilməsi və rəqəmsallaşma siyasəti ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırıb.
Siyasi şərhçi əlavə edib ki, Özbəkistan praqmatik xarici siyasət yürüdərək müxtəlif dövlətlərlə qarşılıqlı faydalı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışır. Onun fikrincə, Daşkəndin Hindistanla əlaqələri daha da genişləndirmək istəyi məhz bu strategiyanın tərkib hissəsidir.
Əli Fərhad









