Sülh prosesində yeni mərhələ: Ermənistan hüquqi maneələri aşa biləcəkmi?
Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistandan yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı müsbət siqnallar gəldiyini bildirib və paraflanmış sülh müqaviləsi layihəsinin yekunlaşdırılması üçün Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən Ermənistan konstitusiyasının dəyişdirilməsinin vacibliyini vurğulayıb.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Ermənistan hakimiyyəti konstitusiyanın dəyişdirilməsinə hazır olduğunu və bu istiqamətdə işlədiyini bəyan etsə də, hüquqi baxımdan ciddi maneələrlə üzləşir.
Siyasi təhlilçi bildirib ki, Ermənistan Konstitusiyasının 202-ci maddəsinə əsasən, konstitusiyanın qəbul edilməsi və ya dəyişdirilməsi təşəbbüsü deputatların üçdə biri və ya səsvermə hüququ olan 200 min vətəndaş tərəfindən irəli sürülə bilər. Parlament isə layihənin referenduma çıxarılması barədə qərarı deputatların üçdə ikisinin səsi ilə qəbul etməlidir.
Asif Nərimanlı qeyd edib ki, hakim “Vətəndaş müqaviləsi” partiyası hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, konstitusion çoxluğa malik deyil. Onun sözlərinə görə, partiyanın parlamentdə 64 mandatı var, halbuki referenduma qərar vermək üçün tələb olunan üçdə iki səs həddi – 70 deputatın dəstəyi təmin edilməlidir.
Təhlilçi hesab edir ki, hakimiyyətin qarşısında iki əsas variant var. Birinci variant müxalifətdən ən azı 6 deputatın dəstəyini qazanmaqdır. Lakin onun fikrincə, bu, asan görünmür. Çünki parlamentin ilk iclasında revanşist mövqedən çıxış edən müxalif qüvvələr referenduma imkan verməyəcəklərini açıq şəkildə bəyan ediblər.
Asif Nərimanlı bildirib ki, ikinci variant növbədənkənar parlament seçkilərinə getməkdir. O vurğulayıb ki, bu yol hüquqi baxımdan mümkündür, lakin həm vaxt aparır, həm də Paşinyan hakimiyyəti üçün siyasi risklər yaradır. Çünki son seçkilərdə hakim komanda qalib gəlsə də, əvvəlki seçkilərlə müqayisədə səs itkisi müşahidə olunub.
Siyasi təhlilçinin sözlərinə görə, Ermənistan hakimiyyətinin alternativ planının olması da istisna edilmir. O xatırladıb ki, seçkilərdən dərhal sonra ədliyyə naziri Srbuhi Galyan “üçdə iki” tələbinin mövcud konstitusiyadan irəli gəldiyini, referendumun isə xalqın birbaşa hüququ olduğunu bəyan edib. Asif Nərimanlı hesab edir ki, bu açıqlama hakimiyyətin konstitusion maneəni fərqli hüquqi mexanizmlərlə aşmağa çalışa biləcəyinə dair ehtimalları gücləndirir.
Təhlilçi əlavə edib ki, mövcud siyasi vəziyyət müəyyən mənada Nikol Paşinyan üçün də sərfəli görünə bilər. Onun fikrincə, konstitusion çoxluğa malik olmayan hakimiyyət Rusiya üçün daha az təhlükə hesab olunur. Eyni zamanda Bakı və Ankara Paşinyanı konstitusiya dəyişikliyini həyata keçirərək yekun sülh sazişini imzalaya biləcək yeganə siyasi qüvvə kimi qiymətləndirir. ABŞ və Avropanın regional planlarında da Paşinyana alternativin görünmədiyini bildirən Asif Nərimanlı bütün əsas aktorların maraqlarının hazırda onun üzərində cəmləşdiyini vurğulayıb.
Sonda siyasi təhlilçi qeyd edib ki, İrəvandan Bakıya müsbət siqnallar verilsə də, yekun sülh sazişinin imzalanması və regionda yeni mərhələyə keçid ətrafında hələ də mürəkkəb siyasi və hüquqi vəziyyət qalmaqdadır.
Mələk Onur










